“NATO Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasını alqışlayır”

Çərşənbə axşamı NATO-nun yüksək vəzifəli məmuru bildirib ki, Şimali Atlantika Alyansı “Dağlıq Qarabağda və onun ətrafında zorakılığın, hərbi əməliyyatların dayandırılmasını alqışlayır”.

 

NATO-nun baş katibi Yens Stoltenberq NATO xarici işlər nazirlərinin birinci iclasından sonra keçirilən virtual mətbuat konfransında Turan-ın münaqişə ilə bağlı sualını cavablandırıb.

 

30 iştirakçı ölkənin aparıcı diplomatları Transatlantik təhlükəsizlik çağırışları, o cümlədən Belarus və Dağlıq Qarabağda böhranlar nəticəsində Rusiyanın iştirakının möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.

 

“Yeni zorakılıq hallarının qarşısını almaq üçün dondurulmuş münaqişələrin həllində öz rolunu artırmaq məqsədilə Şimali Atlantika Alyansı hansı addımlar atmalıdır?” sualının cavabında Stoltenberq deyib ki, bu, “sizin hansı dondurulmuş münaqişələrdən danışdığınızdan asılıdır və bəzən də müxtəlif qiymətləndirmələr olur: münaqişə dondurulub, ya yox?”

 

“Əsas istiqamət ondan ibarətdir ki, bizə siyasi proseslər lazımdır, Biz hərbi əməliyyatların və zorakılığın qarşısını almalıyıq”, – o əlavə edib.

 

NATO Qarabağ münaqişəsində iştirak etmir. “Həm Ermənistan, həm də Azərbaycan NATO-nun tərəfdaşlarıdır, lakin biz Alyans kimi münaqişədə iştirak etmirik …”, – o deyib.

 

Çərşənbə axşamı görüş zamanı nazirlər ABŞ ilə Rusiya arasında SHS müqaviləsi üzrə dialoqu dəstəkləyiblər, onun müddəti 2021-ci ilin fevralında başa çatır.

 

“Biz nüvə başlıqlarının sayının məhdudlaşdırılmasına dair razılaşmanın olmadığı yerdə olmamalıyıq. Vaxt gedir”, – Stoltenberq reportyorlara deyib.

 

“Biz Rusiyanın müqavilələri necə pozduğunu görürük. Və yeni silah buraxır… Nazirlər nüvə silahına məhdudiyyətlərin saxlanmasını və silahlara nəzarət üzrə daha əhatəli rejimin hazırlanmasını dəstəklədiklərini bildiriblər”, – o əlavə edib.

 

NATO öz siyasətini Rusiyanın sabitliyi pozan hərəkətlərinin qarşısının alınmasına adaptasiya edir. “Eyni zamanda biz hamımız razılaşırıq ki, Rusiya ilə dialoqu davam etdirməliyik”, – Stoltenberq açıqlama verib.