Rusiyanın yeni feilləri və atəşkəsin pozulmasına Müsavatdan etiraz
Dekabrın 14-də Müsavat Partiyası Divanının video-konfrans formatında növbəti iclası keçirilib.
İclasda Müsavat Partiyasının təşəbbüsü ilə “II Qarabağ Müharibəsinın nəticələri” mövzusunda keçirilən Dəyirmi Masa toplantısı barədə məlumat verilib.
Cəbhə bölgəsində son durum və ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub.
Cəbhə xəttində atəşkəsin pozulması və Azərbaycan ordusunun üç hərbçisinin şəhid olması, bir neçə nəfərin yaralanması ilə nəticələnən insident müzakirə olunub.
Atəşkəs dövründə belə faciəli hadisənin baş verməsinə görə məsuliyyət daşıyanların tapılıb cinayət məsuliyyətinə cəlb edilməsinin vacibliyi qeyd edilib.
Həmçinin qeyd olunub ki, Rusiya sülhməramlı qüvvələri atəşkəsin təmin edilməsinə dair öz üzərinə götürdüyü öhdəliyə əməl etmək, onun nəzarətində olan ərazilərdə erməni terrorunun qarşısını almaq əvəzinə, faktiki olaraq separatçı rejimin himayədarı kimi çıxış edir. “Sülhməramlı qüvvələr” 10 noyabr razılaşmasının şərtlərinə əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana təhvil verilərkən, ermənilər tərəfindən buradakı evlərin yandırılması, meşələrin qırılması və yolların minalanmasına əngəl olmayıb. Bütün bunlar Rusiyanın Yuxarı Qarabağda Azərbaycan qanunları ilə nəzərdə tutulmayan inzibati strukturlar yaratması, yeni xəritələr cızaraq “sülhməramlı qüvvələr”in nəzarət dairəsini getdikcə genişləndirmək cəhdlərinin fonunda baş verir.
Müsavat Partiyası baş verənlərin Azərbaycanın suverenliyinə təhdid kimi qiymətləndirir, buna son qoyulmasını tələb edir.
Müsavat Partiyası həmçinin Qubadlı rayonu ərazisinin bir hissəsinin işğal altında qalması haqda məlumatlardan narahatlığını bildirir, rəsmi dairələri bu məlumatlara aydınlıq gətirməyə çağırır.
Divanın toplantısında partiyadaxili məsələlər müzakirə olunub, dekabrın 15-də saat 14:00-da Bakı şəhəri və ərazisi işğaldan azad olunmuş rayon təşkilatları təmsilçilərinin iştirakı ilə Sədrlər Şurasının video-konfrans rejimində iclasının keçirilməsi qərara alınıb.
Sonda cari məsələlər müzakirə edilib.
Basta