Müdafiə Nazirliyi Xocavənddə bir əsgərimizin şəhid olduğunu təsdiqlədi
Bazar günü Azərbaycanın Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun bölmələrinə hücum nəticəsində bir hərbçi həlak olub, Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Qurumun açıqlamasına görə, dekabrın 27-si günorta saatlarında baş vermiş hücum “Ağdam kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə” tərəfindən olub.
“Əsgər Elmir Qənbərov şəhid olub, əsgər Emin Əliyev isə yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün heç bir təhlükə yoxdur,”- Müdafiə Nazirliyi bildirib.
Qurum “görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvünün zərərsizləşdirildiyini” bildirir.
Nazirlik bəyan edib ki, “bu kimi hal təkrarlanarsa, Azərbaycan Ordusu tərəfindən qəti tədbirlər görüləcək”.
Dekabrın 27-də sosial medianın Azərbaycan seqmentində bəzi sosial media istifadəçiləri Xocavənd ərazisində “erməni silahlılarının təxribat hücumunun baş verdiyini” və Azərbaycanın bir əsgərinin həlak olduğunu yazmışdılar.
Ermənistanın xəbər saytları “Hadrut istiqamətində qarşıdurmanın” olduğunu bildirmişdi.
Azərbaycanla Ermənistan arasında Qarabağla bağlı İkinci Qarabağ Müharibəsi sentyabrın 27-də başlayıb, noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin birgə bəyanatı ilə başa çatıb.