ABŞ Aleksey Navalnının işi ilə əlaqədar Rusiyaya qarşı sanksiyalar tətbiq edib
Bayden administrasiyası martın 2-də Rusiya müxalifət lideri Aleksey Navalnıya qarşı sui-qəsd cəhdində rol oynadıqlarını bildirərək, Rusiyada bir neçə fiziki şəxs və quruma qarşı sanksiyalar tətbiq etdiyini elan edib.
Sanksiyalar Navalnının işi ilə əlaqədar Rusiyanın bir neçə rəsmisinə qarşı sanksiya tətbiq edən Avropa İttifaqı ilə koordinasiya edilib.
“Biz Rusiyaya kimyəvi silahlardan istifadəsinin nəticələri olduğuna dair aydın bir siqnal göndəririk”, administrasiyanın yüksək səviyyəli rəsmisi bildirib.
Prezident Co Baydenin sanksiya qərarı onun sələfi Donald Tramdan fərqli olaraq daha sərt mövqe tutmasına işarədir. Tramp avqust ayında baş verən hadisəyə görə Rusiyanı cəzalandırmamışdı.
Kreml isə bildirir ki, ABŞ-ın yeni sanksiyaları heç bir məqsədə nail olmamaqla yanaşı, onsuz sa gərgin olan münasibətləri daha da pisləşdirəcək.
Navalnı avqustun 20-də Sibirin Tomsk şəhərində dövlətdəki korrupsiya ilə bağlı son istintaqını apararaq, Moskvaya qayıdarkən təyyarədə çox ağır xəstələnib və Omsk şəhərinin xəstəxanasına yerləşdirilib. Bir neçə gündən sonra isə o, tibbi səbəblərlə Almaniya evakuasiya olunub. Orada həkimlər Navalnının zəhərləndiyini müəyyən ediblər.
Fransa, İsveç və Almaniya laboratoriyaları, habelə Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı Navalnının Noviçok sinir maddəsinin təsirinə məruz qaldığını müəyyən edib. Rusiya bu işlə əlaqəsi olduğunu inkar edib.
Navalnı bu ilin əvvəli müalicə olunduğu Almaniyadan Moskvaya qayıtdıqdan dərhal sonra həbs edilib.
Məhkəmə Navalnının ölümcül zəhərlənməsindən sonra müalicə üçün Berlinə aparıldığı zaman həbsxana rəhbərliyini olduğu yer barədə xəbərdar etmədiyi və 2014-cü ildə şərti cəzanın şərtlərini pozduğu haqda qərar verib.
Navalnının cəzası Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən qanunsuz və siyasi motivli adlandırılıb.
Amerikanın səsi