Cümhuriyyət Günü münasibətilə Müsavat başqanının təbriki
Müsavat Partiyasının başqanı Arif Hacılı Azərbaycan xalqını 28 May – Cümhuriyyət Günü münasibəti ilə təbrik edib.
Təbrikdə deyilir:
“Əziz həmvətənlər!
Sizi Azərbaycanın ən ümdə bayramlarından biri olan 28 May Cümhuriyyət Günü münasibəti ilə təbrik edirəm.
1918-ci il mayın 28-də Müsavat Partiyasının təşlikatçılığı, Azərbaycan xalqının iradəsi ilə Azərbaycan Xalq Cümhuriyyəti quruldu.
Azərbaycan Milli Şurası tərəfindən elan edilən Cümhuriyyətimiz xalqımızın dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir. Yaradılan dövlətimiz Cənubi Qafqazın əksər ərazilərini əhatə edən, müsəlman Şərqində ilk demokratik dövlət idi. Azərbaycan Xalq Cümhuriyyəti dünyanın siyasi xəritəsinə dövrün az sayda olan azad dövlətlərindən biri kimi daxil oldu.
Müsavat Partiyasının başqanı, M.Ə.Rəsulzadə bu hadisəni “28 may 1918-ci ildə elan olunan Azərbaycan Şurayi-milliyəsi, sözün siyasi mənası ilə, bir Azərbaycan millətinin varlığını təsbit etmişdir. Belə ki, Azərbaycan kəlməsi sadə coğrafi, etnoqrafi və linqvistik bir kəlmə olmaqdan çıxaraq, siyasi bir aləm olmuşdur”, – deyərək qiymətləndirirdi.
Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ay ərzində xalqımız üçün ciddi işlər gördü. Ölkəmizin ərazisində demokratik ideyalar, insan haqları, bütün sahələrdə bərabər imkanlar şəraitinin yaradılması təbliğ və tədbiq olundu. Bəzi Avropa dövlətlərindən daha tez qadınlara seçki hüququ verildi.
Cümhuriyyətimiz bolşevik Rusiyası tərəfindən 1920-ci ilin 27 aprelində işğal olundu. Azərbaycanda hüquqi dövlət, azad cəmiyyət quruculuğu istiqamətində gedən proseslər dayandırıldı. Müstəqilliyimiz itirildi. Lakin xalqımızın qəlbinə əbədi həkk olunan İstiqlal eşqini silib atmaq mümkün olmadı.
M.Ə.Rəsulzadənin dediyi kimi, bir kərə yüksələn bayraq, bir daha enmədi. İstiqlal idealına sadiq olan Azərbaycan xalqı 1991-ci il oktyabr ayının 18 ildə özünün itirilmiş dövlət müstəqilliyini yenidən bərpa etdi.
Cümhuriyyət günümüz uzun illərdən sonra yenidən Milli Ordumuzun işğalçılardan azad etdiyi Qarabağ torpaqlarında qeyd ediləcək, üç rəngli bayrağımız yenidən dalğalanacaq.
Bu böyük qələbəyə Azərbaycan Azadlıq Ordusunun rəşadətli mübarizəsi, xalqımızın ordu və böyük milli ideya ətrafında sıx birləşməsi, şəhidlərimizin canı və qazilərimizin qanı bahasına nail olduq.
İnanıram ki, yaxın dövrdə ordumuz işğal altında olan digər əraziləri də azad edəcək.
Əziz həmvətənlər!
Sizi bir daha xalqımızın ən önəmli bayramı olan 28 May – Cümhuriyyət Günü münasibəti ilə təbrik edir, Sizə şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram”.
Basta