Müsavat yalnız bu partiyalarla əməkdaşlıq edə bilər – Divanın gündəliyi
İyunun 21-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda İstiqlalçı millət vəkili İbrahim İbrahimlinin xatirəsi sayğı duruşu ilə yad edilib.
Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, qərarların icrası ilə bağlı məlumat dinlənilib.
Ermənistanda və İranda keçirilən seçkilərin nəticələri, bunun Azərbaycanın xarici siyasətinə mümkün təsirləri barədə fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, Rusiyanın Qafqazda siyasi məğlubiyyətə uğraması Kremli revanşist addımlara vadar edə bilər. Bu səbəbdən rəsmi Bakı Qarabağda yeni təxribatlara və təhlükələrə hazır olmalıdır.
Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinin tək ölkəmizdə deyil, bötövlükdə regionda təhlükəsizliyin təmin olunması baxımından tarixi sənəd olduğu vurğulanıb.
Siyasi partiyalarla əməkdaşlıq perspektivləri müzakirə olunub. Bildirilib ki, Müsavat yalnız siyasi mövqeyi ardıcıl olan və ideoloji xətti onunla üst-üstə düşən partiyalarla əməkdaşlıq edə bilər.
Uyunun 24-də saat 12:00-da Milli Azadlıq Hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin anadan olmasının ildönümü ilə bağlı, onun məzarının ziyarət ediləcəyi bildirilib.
Divan Azərbaycanda müstəqilliyinin bərpa olunmasının 30 illiyi ilə bağlı dövlət səviyyəsində bayram tədbirlərin keçirilməsini, 18 oktyabra – Milli Müstəqillik Gününün qeyri-iş günü elan olunmasını tələb edir.
İclasda Müsavat Partiyasının yaradılmasının 110-cu ildönümü ilə bağlı tədbirlərin keçirilməsi qərara alınıb.
Sonda cari məsələlər müzakirə olunub.