Ermənistan müdafiə nazirinin Moskvaya son günlər ikinci səfəri və Yerevanın KTMT-nin ünvanına ittihamları
Ermənistanın müdafiə naziri Arşak Karapetyan avqustun 10-da Rusiya müdafiə nazirinin dəvəti ilə Moskvaya yola düşüb.
Bu gün Karapetyanın Şoyqu ilə görüşü, həmçinin bir sıra işgüzar danışıqları planlaşdırılıb. Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Maraqlıdır ki, Karapetyan üç gün əvvəl Moskvaya getmiş və Şoyqu ilə görüşmüşdü.
Dünən Karapetyan Yerevanda KTMT baş katibi Stanislav Zası qəbul edib və Ermənistan tərəfin iradlarını, xüsusən, “bu ilin mayında Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisinə daxil olduqda” KTMT-nin müdaxilə etməməsi ilə bağlı iradlarını onun diqqətinə çatdırıb.
Göründüyü qədər, KTMT-nin mövqeyi dəyişməyib və Ermənistanın bu təşkilatdan hərbi dəstək gözləməyinə dəyməz. Belə ki, bu gün Zas Yerevanda jurnalistlərlə görüşündə deyib ki, “Ermənistan-Azərbaycan sərhəd münaqişəsinin siyasi yolla nizamlanması imkanları tükənməyib və onun həlli üçün Ermənistan-Azərbaycan-Rusiya formatında iş davam etdirilməlidir”.
“Təbii ki, biz hesab edirik ki, sizin haqqında danışdığınız insidentlər Qafqazda KTMT-nin məsuliyyətli olduğu regionun və əlbəttə ki, bu təşkilatın üzvü kimi Ermənistanın təhlükəsizliyi üçün təhdid təşkil edir. Problemin həlli yollarından danışsaq, biz hesab edirik ki, bu vəziyyətin siyasi yolla nizamlanması imkanları tükənməyib və əslində bu, bütün tərəflər üçün ən yaxşı variant olardı. Biz tərəflərin bunu dərk edəcəyini və fikir ayrılıqlarının siyasi yolla həlli üçün zəruri addımları atacağını gözləyirik”, deyə o qeyd edib.
“Biz son vaxtlar sərhəddə qarşıdurmaların artmasından və intensivləşməsindən ciddi şəkildə narahatıq. Bu, Ermənistan, Azərbaycan və Rusiya arasında Dağlıq Qarabağla bağlı əldə edilmiş razılaşmaların həyata keçirilməsini və regional təhlükəsizliyin bərqərar edilməsini çətinləşdirir”, deyə Zas sözünə davam edib.
KTMT baş katibi hərbiçilərinə bir gün əvvəl Azərbaycan əsgərlərini məhv etmək üçün atəş açmağı əmr edən Ermənistanın müdafiə nazirinin bəyanatını şərh etməyib.
Bu arada, bu gün Ermənistan tərəfi Ermənistanın Qarabağdakı mövqelərinə atəş açıldığını bildirib. Xüsusən, məlumata görə, avqustun 9-da saat 16:00-dan 22:00-a qədər Azərbaycan Silahlı Qüvvələri Ermənistanın Mxitarşen-Şuşikend kəndlərində yerləşən mövqelərinə atəş açıblar. Bu zaman qumbaraatandan istifadə olunub. Nəticədə Mxitarşen kəndində avtomobilə ziyan dəyib.
Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı heç bir şərh verməyib.
Turan