Ceyhun Bayramov İranın xarici işlər naziri ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb.
Cümə axşamı günü keçirilən görüşdə Azərbaycan-İran arasındakı əməkdaşlıq müzakirə edilib, Azərbaycanın Xarici İşlər Nazirliyi açıqlayıb.
“Nazirlər ikitərəfli münasibətlərin gündəliyində duran bir sıra məsələlər, eləcə də iqtisadi, energetika, ticarət, kənd-təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər, həmçinin bölgədə mövcud olan cari vəziyyəti müzakirə ediblər”, – məlumatda deyilir.
XİN bildirib ki, görüş zamanı “qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlərlə” bağlı da müzakirələr aparılıb.
Sentyabrın 12-də Azərbaycan Ermənistanla sərhəddə, Qafan-Gorus yolunun Azərbaycandan keçən hissəsində polis və gömrük postu qoyub, ölkə ərazisinə girən İran nömrəli nəqliyyat vasitələrinin gömrük rüsumuna cəlb olunmasına başlayıb.
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi də elə bu hadisələrdən sonra Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşmüşdü.
Bu görüş barədə tərəflərin “ortaq narahatlıq və maraq doğuran məsələləri” müzakirə etdiyi açıqlaması verilsə də, sonrakı gün Azərbaycan İran nömrəli nəqliyyat vasitələrinin ölkə ərazisinə qanunsuz girdiyini əsas gətirərək onları saxlayıb və bundan sonra səfir Prezident köməkçisi ilə təkrar görüşməli olub.
Ötən ayın əvvəli Azərbaycan XİN-i İran səfirinə eyni məsələ ilə bağlı etiraz notası vermişdi.
BBC