Rauf Arifoğlunun növbəti böhtanına Müsavatdan cavab
Fərəc Kərimli, Müsavat başqanının müavini
“Yeni Müsavat” qəzeti Müsavat Partiyasına qarşı böhtan kampaniyasını davam etdirir.İndi də yeni bir mövzu açıblar.
Müsavat Partiyasının, partiyanın başqanı Arif Hacılının guya İranın Azərbaycanla bağlı siyasəti barədə susduğu iddia edilən böhtan tipli müsahibələr yayımlayırlar.
Bu kampaniyaya saxta mandatlı, mədəniyyətdən uzaq deputatlar cəlb edilib.
Abırsızlığın, həyasızlığın bu qədəri də olmaz axı!
Müsavat Partiyası ölkənin yeganə siyasi partiyasıdır ki, Bütöv Azərbaycan məsələsini birbaşa proqramına daxil edib.
Müsavat İranın Azərbaycanın suverenliyini təhdid edən bütün addımlarına qarşı həmişə rəsmi münasibət bildirib, bəyanatları da sosial şəbəkələrdə, saytlarda indi də durur.
Arif Hacılının region münasibətlərinə aid elə bir çıxışı yoxdur ki, orada İranın anti-Azərbaycan mövqeyi haqqında nəsə deyilməsin. Hətta İranın demək olar ki, Azərbaycana qarşı hər addımına münasibət bildirdiyimiz üçün İrana takıldığımızı deyənlər də olur.
Arif Hacılı İranın hədəfində olan əsas siyasətçilərdən biridir. Bu ölkənin Azərbaycanda olan agentura şəbəkəsinin Arif Hacılıya qarşı sosial şəbəkələrdə apardığı kampaniya, onun Facebook profilinə troll hücumları təşkil etmələri, onun uzun illər bundan əvvəl İranda persona nonqrata elan edilib bu ölkəyə buraxılmaması və başqa belə faktlar saxta mandatla parlamentdə oturanların Müsavatı və onun başqanını İranın Azərbaycana qarşı mövqeyi barədə susması iddiası xüsusilə həyasızlığın eybəcərdən də eybəcər formasıdır.
İllərdir İranın qabağından qaçan Əliyev hakimiyyəti olmayıbmı?! İlham Əliyevin köməkçisi Hikmət Hacıyev İrana yarınmaq üçün, iranpərəstlərə “fakt” vermək üçün müsahibəsində “İran Zəngilanda mühasirəyə düşən 700 min azərbaycanlını xilas edib” kimi dəhşətli bir yalanı müsahibəsində deməyibmi? Halbuki Zəngilan, Qubadlı, Laçın, Cəbrayılın ümumilikdə heç 200 min əhalisi yoxdur.
İndi İlham Əliyev İrana qarşı bir söz deyən kimi İranın Azərbaycana qarşı etdikləri yadınıza düşdü?! Anti-milli, xain, şübhəli axtarırsınızsa gedin Hikmət Hacıyevin o müsahibəsinə baxın-araşdırın. Bəlkə elə o da İranın adamdır. Durduq yerdə niyə İranı tərifləyirdi axı?!
Həmin yazılarda yer alan Rauf Arifoğlunun o dövrdəki havadarı Əli Həsənovla birgə başladıb bu gün də davam etdirməyə can atdıqları, böhtan olduğu dəfələrlə təsdiq olunmaş ənənəvi bilet satışı və digər uydurmalar da artıq məncə məhkəməsi qurulmalı məsələlərdir. Və yəqin ki, qurulacaq.
Basta