26 mayda Bakı–Tbilisi sərnişin qatarı açılacaq
Azərbaycan və Gürcüstan mayın 26-dan Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə razılığa gəliblər.
Bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi məlumat yayıb.
“Gürcüstanın Baş nazir İrakli Kobaxidzenin WUF13-də iştirak etmək məqsədilə Azərbaycana səfəri çərçivəsində Azərbaycan Respublikası və Gürcüstan iqtisadiyyat, enerji və bağlantı sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş hərtərəfli sazişlər toplusunun imzalanması ilə strateji tərəfdaşlıqlarını təsdiqləyiblər. İmzalanma mərasimi 18 may 2026-cı ildə Bakıda Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstanın baş naziri İrakli Kobaxidzenin iştirakı ilə baş tutub.
Tərəflər əlavə olaraq 26 may 2026-cı il tarixindən etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə razılığa gəliblər.

