Müsavat Divanının gündəliyi
İyulun 6-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər və rayon təşkilatlarında keçirilən iclaslar barədə məlumat dinlənilib.
Ölkədə və regionda baş verən hadisələrin müzakirəsi bölümündə Divan üzvü Mirbaba Babayev “Meydan TV işi” üzrə məhkəmə prosesi barədə məlumat verib.
ABŞ-ın 250 illik yubileyi ilə əlaqədar bu ölkənin səfirliyində keçirilən tədbir və orada Müsavat rəhbərliyinin iştirakı barədə məlumat verilib.
Müsavat Məclisinin sədri Arif Hacılının Avstriyada Avropa Liberal Demokrat İttifaqının (ALDE) konqresində iştirakı barədə məlumat verilib. Bildirilib ki, Arif Hacılı tədbirdə çıxış edərək Azərbaycanın və Müsavat Partiyasının mövqeyini ifadə edib, Avropa Parlamentinin üzvü olan bir sıra şəxslər də daxil olmaqla, tədbir iştirakçıları ilə önəmli görüşlər keçirib.
Daha sonra regionda baş verən proseslər ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, 7–8 iyul 2026-cı il tarixlərində Ankarada NATO-nun növbəti sammiti keçiriləcək. Gündəlikdə müdafiə xərclərinin artırılması, Ukraynaya dəstək, müdafiə sənayesi əməkdaşlığı və alyansın təhlükəsizlik məsələləri əsas yer tutur. Sammit NATO üzvləri arasında həmrəyliyi gücləndirə, müdafiə əməkdaşlığını genişləndirə, Rusiyanın işğalçı siyasətinə qarşı müqavimətin genişlənməsi və yeni razılaşmaların əldə olunmasına töhfə verə bilər. Divan sammitdə bölgəmizin problemlərinin, Türkiyə ilə bağlı önəmli mövzuların masada olacağı, NATO üzvü olmayan ölkələrdən həm də Azərbaycanın iştirakı nəzərdə tutulduğundan sammiti diqqətlə müşahidə etməyi məqsədəuyğun hesab edir.
Sonda cari məsələlər müzakirə olunub.

