Ələsgər Məmmədli həbsxanada ürək tutması keçirib
Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli Bakı İstintaq Təcridxanasında ürək tutması keçirib.
Bu barədə onun həyat yoldaşı Günay Məmmədli məlumat verib.
Onun sözlərinə görə, hadisə avqustun 8-dən 9-na keçən gecə baş verib. Ələsgər Məmmədli bir müddət ürək ağrıları içində yataqda qalıb.
Hadisədən sonra Ələsgər Məmmədlinin ürək döyüntüləri dəqiqədə 120-dən yuxarı olub, lakin hadisə həftəsonu olduğundan ona tibbi yardım göstərilməyib.
“Yetər artıq bu işgəncə. Nəyin qisasını alırsınız? Əgər məqsədiniz günahsız insanı sırf savadı və biliyi üçün öldürməkdirsə, birdəfəlik öldürün, bitsin”, – deyə Günay Məmmədli yazıb.
Ələsgər Məmmədlinin səhhəti ilə bağlı Penitensiar Xidmət hələlik hər hansı açıqlama verməyib.

