Aeroport yolunda qəza: 5 nəfər ölüb, 21 nəfər yaralanıb

Çərşənbə günü Heydər Əliyev Beynəlxalq Hava Limanı-Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində yük maşının sərnişin avtobusu ilə toqquşması nəticəsində 5 nəfər ölüb, 21 nəfər yaralanıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, yaralıların 8-i 1 saylı Kliniki Tibbi Mərkəzə, 13-ü 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sözçüsü Nuridə Allahyarova yük maşının sürücüsünün qanunsuz fəaliyyət göstərdiyini bildirib.

O deyib ki, ilkin məlumata görə, hadisə “yük avtomobilinin sürücüsünün sükan arxasında yuxulaması səbəbindən” baş verib.

Yük maşınının sürücüsünün saxlanıldığı və hadisə ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.