ManşetSiyasət

Hicabla bağlı Müsavatdan çağırış

Uşaqların hər hansı ad altında təhsildən yayındırılması yolverilməzdir

Oktyabrın 12-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.  Əvvəlcə görülən işlər və rayon təşkilatlarında keçirilən iclaslar barədə məlumat dinlənilib.

Müsavatın yaranmasının 115-ci ildönümü ilə bağlı partiyanın gənclər təşkilatının keçirdiyi tədbir yüksək qiymətləndirilib.  Tədbirin təşkilatçılarına təşəkkür elan edilib.

Oktyabrın 18-də saat 14:00-da İstiqlalın bərpasının ildönümü ilə bağlı Fəxri Xiyabanda mərhum prezident Əbülfəz Elçibəyin məzarının ziyarət edilməsi qərara alınıb.

Ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. Siyasi məhbusların  durumu ilə bağlı məlumat verilib. Qeyd edilib ki, əsassız olaraq həbs edilmiş AXCP sədri Əli Kərimlinin saxlanma şəraiti və ona qarşı tədbiq edilən əlavə məhdudiyyətlər narahatlıq doğurur. Həmçinin səhhətində ciddi problemlər olan Aynur Elgünəş, Ələsgər Məmmədli, Tofiq Yaqublu, Ruslan İzzətlinin və digərlərinin müalicəsinə imkan yaradılmaması pislənilib. Bütün siyasi məhbusların azad olunması bir daha tələb edilib.

Orta məktəblərdə hicab məhdudiyyəti ilə bağlı ölkədə yaranmış vəziyyət geniş müzakirə olunub. Qeyd edilib ki, gərginliyin səbəblərindən biri hakimiyyətin ictimai müzakirə təşkil etmədən bu həssas mövzuda qərarlar qəbul etməsidir.

Gərginliyin aradan qalxması istiqamətində təkliflər irəli sürülüb. Məsələ zorakı üsullarla yox, qarşılıqlı dialoq və konsensus yolu həll olunmalıdır. Hakimiyyət məsələ ilə bağlı ictimai diskussiya təşkil etməsə, Müsavat bu missiyanı öz üzərinə götürməyə hazırdır.

Uşaqların hər hansı ad altında təhsildən yayındırılması yolverilməzdir.

Eyni zamanda dövlət dünyəvilik prinsiplərinə əməl etməklə bərabər Konstitusiya və qanunlar çərçivəsində hər kəsin öz inancını, həyat və geyim tərzini sərbəst seçmək hüququnu təmin etməlidir.

İdeoloji ekspansiyaya cavab Müsavat ideologiyasıdır. Cəmiyyətə azadlığın verilməsi müsavatçılığın təməl prinsipidir. Xarici təsirlərlə bağlı narahatlıqlar insan hüquqlarının məhdudlaşdırılması üçün bəhanəyə çevrilməməlidir. Bu sahədə dövlətin müdaxiləsi ehtimal olunan təhlükələrə yox, yalnız qanun pozuntularına əsaslanmalı, zəruri və mütənasib olmalıdır.

Dünyada gedən proseslər ətrafında fikir mübadiləsi aparılıb.

ABŞ Konqresinin Rusiyaya qarşı sanksiyalarına baxmayaraq prezident Donald Trampın rəsmi Moskva ilə yanacaq sazişi, eləcə də bütün dünyada birmənalı qarşılanmayan bəyanatları müzakirə olunub. Qeyd edilib ki, dünyada yanacağın qiymətinin artması Rusiya-Ukrayna müharibəsinin yox, ilk növbədə ABŞ-İran qarşıdurmasının nəticəsidir. Trampın Ukraynada hakimiyyətin dəyişdirilməsinə çağırış etdiyi halda, onun 26 ildir Rusiyada hakimiyyətdə qalan Putin  diktaturası ilə əməkdaşlığı pislənilib.

Sonda cari məsələlər müzakirə olunub.