Hakimin hücumuna məruz qaldığını deyən şikayətçi Fikrət Məmmədova müraciət etdi

Ağdaş rayon məhkəməsində hakim Famil Nəsibovun hücumuna məruz qaldığını bildirən Binəqədi rayon sakini Ulduzə Abıyeva Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədova müraciət edib. “Basta” saytının redaksiyasına göndərilən şikayət ərizəsində deyilir:

.

“Hörmətli cənab sədr!

18.06.2020-ci il tarixdə iddia tələbinə dair Ağdaş rayon Məhkəməsində 2(014)-705/2020 saylı iş üzrə iclasda iştirak edirdim. İclas 1 saylı otaqda deyil bir başqa otaqdasəhər saat 11-də başladı. Hakim Famil Nəsibov idi. İclas başlar başlamaz Nəsibov mənə sözlü hücm etməyə, mənim tez-tez sözümü kəsməyə, məni əsəbləşdirməyə və kobudluq etməyə başladı. Əsas məsələdə o idi ki, iş aidiyyatı üzrə getmirdi.

Tamamilə başqa məsələlərdən danışılırdı. Mən bunlara etiraz etdikdə isə mənə “sən məndən çox bilirsən?” deyə qışqırırdı. Bu üzdəniraq hakim mənə lazım olan qədər kobudluq etdikdənsonra sözü qarşı tərəfə verdi. Qarşı tərəflə çox hörmətlə danışır, onların özlərini ifadə etməsinə imkan verir, daha doğrusunu desək onlara yaltaqlanır, nə üçün isə onların könlünü şad etməyə çalışırdı.

Mənə qarşı hakimin aqressivliyini sakitcə qarşıladım və mədəni şəkildə etirazımı bildirirkən başımı qaldırıb yuxarı baxdım, otaqda kameraların olmadığını gördüm. Deməli kamera yoxdur deyə, özünü insan hesab edən bir şəxs insanlıqdan çıxa bilirmiş. Sonra elan etdi ki, saat 3-də 1 saylı zalda iclas davam etdiriləcək. Bu hakimin mənə qarşı provokativ hərəkətləri ona görə idi ki, mən əsəbləşim 1 saylı kameralı otaqda qərarı elan edəndə ona qarşı artıq əksik deyim, bu kameralarda özünü göstərsin və hakim fakt kimi ondan istifadə etsin. Lakin Nəsibov istədiyinə nail ola bilmədi, çünki qarşısındakı insanı tanımırdı.

Mənim yoldaşım şərqşünas alimdir. Onun işi ilə əlaqədar biz 1978-1981-ci ildə Türkiyə Cümhuriyyətinin İskəndərun şəhərində yaşamışıq. Yoldaşım İskəndərunşəhərində dəmir-çəlik zavodunda işləyirdi. Mən Türkiyə Cümhuriyyətinə ev xanımı kimi getməyimə baxmayaraq, Moskvada mərkəzi komitədə partiya bileti qoyub getdiyim üçün rəhbərlik məni də işə dəvət etdi orada işlədim. Xaricdə işləmək mənə çox təcrübə qazandırmışdır. Həmin təcrübələrə əsasən mən Nəsibovun bütün provokasiyalarına dözdüm və fikirləşdim ki, mən öz sözümü şərəfli kişilərə deyərəm və Sizə deyirəm.

Onu da qeyd etmək istəyirəm ki, hakim Nəsibov 1 saylı otaqda yəni kameralı otaqda qərarı elan edib gedəndə mənim ona yazığım gəldi. Məni özümdən çıxara bilmədiyi üçün çox pərt idi, xəstə quşların qanadları kimi çiyinləri sallanmışdı, beli əyilmişdir.

Elə zəfər var ki, məğlubiyyət ondan yaxşıdır.

İnsan nəyə görəsə ruhunu satırsa, bu onun aldığı tərbiyədir. Kamerasız zalda şiri-nərə dönən bu hakim, kameralı otaqda özünü mədəni bir adam kimi aparmağa çalışırdı.

Belə məmurlar Azərbaycan Respublikasının imicinə çox ziyan vurur, demokratik cəmiyyətlərdə belə hadisə baş verirsə, təhqir olunan tərəfdən üzr istənməlidir.

Hörmətli cənab sədr!

Yuxarıda dediklərimi araşdırmağınız üçün müvafiq komisiya yaratmanızı və tədbir görməyiniz Sizdən xahiş edirəm.

Binəqədi rayonu, 7 mkr, ev 10, m.76 ünvanında yaşayan Abıyeva Ulduzə Qənbər qızı”.

.

Qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmayıb.

Basta