Əliyev Soçidə ətraflı və səmimi danışıqların aparıldığını açıqlayıb
Azərbaycanın dövlət başçısı İlham Əliyev Soçidə Rusiya və Ermənistanın liderləri – Vladimir Putin və Nikol Paşinyanla danışıqlardan sonra bildirib ki, tərəflər arasında hərtərəfli, səmimi söhbət olub. Planlar açıq şəkildə müzakirə olunub.
AZƏRTAC İlham Əliyevin mətbuat üçün bəyanatının tam mətnini açıqlayıb. Bəyanatda deyilir:
“Çox sağ olun, hörmətli Vladimir Vladimiroviç. İlk növbədə, icazə verin, bugünkü görüşə görə, həmçinin Azərbaycan ilə Ermənistan arasında mövcud məsələlərin həlli işində əlverişli şərait yaradılması üçün səylərinizə görə Sizə bir daha təşəkkürümü bildirim. İki ölkə arasında müharibəyə son qoymuş məlum üçtərəfli Bəyanatın qəbul edilməsindən bir il keçib və biz bu ili bütövlükdə, müsbət səciyyələndirə bilərik.
Vladimir Vladimiroviç, fürsətdən istifadə edib Sizə, habelə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə Qarabağda sülhməramlı fəaliyyətə görə bir daha təşəkkür etmək istərdim. Bu bir ildə Rusiya sülhməramlı qüvvələrinin məsuliyyəti zonasında ciddi insidentlər olmayıb.
Əlbəttə, bu il ərzində çox mühüm hadisələr baş verib. Biz bu formatda artıq ikinci dəfə görüşürük – ilin əvvəlində və ilin sonunda. Sərhədlərin delimitasiyası, demarkasiyası, nəqliyyat arteriyalarının bərpası ilə bağlı məsələlər barədə Vladimir Vladimiroviçin dediklərini təkrar etmək istəmirəm. Bu gün bu məsələlər barədə çox ətraflı, mən deyərdim, səmimi söhbət oldu. Biz öz planlarımızı, hər iki tərəfi narahat edən məsələləri açıq müzakirə etdik. Ən başlıcası, mübahisələrin, fikir ayrılıqlarının nizamlanması işində qəbul etdiyimiz qərarlar, zənnimcə, Cənubi Qafqazda vəziyyətin daha təhlükəsiz və proqnozlaşdırıla bilən olmasına şərait yaradacaq.
Vladimir Vladimiroviçin qeyd etdiyi kimi, humanitar xarakterli məsələlər də müzakirə edilib. Azərbaycan həmişə, – istər döyüş əməliyyatları dövründə, istər onlardan sonra, – bütün humanitar normalara riayət edilməsinə ardıcıl tərəfdar olub. Deməliyəm ki, hərbi əməliyyatlar bitəndən sonra saxlanılmış 100 nəfərdən çox erməni hərbi qulluqçu, o cümlədən bir nəfər bu gün səhər Ermənistan tərəfə verilib. Yaralanmış hərbi qulluqçuya azərbaycanlı həkimlər tərəfindən tibbi yardım göstərilib, bir nəfər mülki şəxs yolu azaraq bizim əraziyə keçib. Yəni, biz həmişə humanizm prinsipinin aliliyini əsas götürmüşük və bundan sonra da işi bu istiqamətdə davam etdirmək niyyətindəyik. Biz Ermənistan tərəfindən də regionda vəziyyətin daha artıq dərəcədə proqnozlaşdırıla bilən olması üçün şərait yaradılması niyyətini görürük.
Mən dəfələrlə demişəm, biz Azərbaycanda Ermənistan ilə çoxillik qarşıdurma səhifəsini çevirmək, normal qarşılıqlı fəaliyyət mərhələsinə başlamaq əzmindəyik və düşünürəm ki, məhz bu formatda öz məqsədlərimizə çatacağıq.
Azərbaycan üçün Rusiya dostdur, strateji tərəfdaşdır. Mən deyərdim ki, hətta strateji tərəfdaşdan da artıqdır. Azərbaycan ilə Rusiya arasında etimada əsaslanan münasibətlərin səviyyəsi, o cümlədən ən həssas məsələlər barəsində Ermənistan ilə ortaq fikrə gəlməyimizə şərait yaradır. Düşünürəm ki, görüşümüzün yekununun nəticələri yaxşı olacaq, bu nəticələri çox gözləmək lazım gəlməyəcək, regionda vəziyyət daha təhlükəsiz və proqnozlaşdırılan olacaq.
Vladimir Vladimiroviç, dəvətə və bugünkü görüşə görə Sizə bir daha təşəkkür edirəm”.
Qeyd edək ki, noyabrın 26-da Soçidə Rusiya, Ermənistan və Azərbaycan dövlət başçılarının görüşü baş tutub. Danışıqlar 3 saata yaxın davam edib. Nəticədə tərəflər üçtərəfli birgə bəyanat qəbul ediblər.