Beyrutda dəhşətli partlayış: azı 100 ölü, 4 mindən çox yaralı
Çərşənbə axşamı günü paytaxt Beyrutda baş verən böyük partlayış nəticəsində azı 100 nəfərin ölməsindən və 4000-dən çox insanın yaralanmasından sonra Livan matəm içindədir.
Göbələk buludu ilə müşahidə olunan və yanğına səbəb olan partlayış bütün şəhəri silkələyib.
Livanın Prezidenti Mişel Aoun partlayışa səbəb olmuş 2,750 ton ammonium nitratın 6 il ərzində şəhərdəki bir anbarda təhlükəli vəziyyətdə saxlanıldığını deyib.
Azərbaycanın Xarici İşlər Nazirliyindən BBC News Azərbaycancaya “Beyrutda baş vermiş partlayış nəticəsində azərbaycanlıların xəsarət alması ilə bağlı hər hansı məlumat daxil olmadığı” bildirilib.
Livan Prezidenti çərşənbə günü kabinetin təcili iclasını çağırıb və iki həftəlik fövqəladə vəziyyət elan edilməli olduğunu bəyan edib.
Ölkədə çərşənbə günündən etibarən üç günlük rəsmi matəm elan olunub.
Prezident Aoun hökumətin təcili xərclər üçün 66 milyon dollar ayıracağını da bildirib.
“Böyük fəlakətə şahidlik edirik,” – bu ölkənin Qırmızı Xaç Komitəsinin rəhbəri George Kettani yerli mətbuata deyib. O vurğulayıb ki, “hər yerdə qurbanlar və tələfatlar var”.
Xilasetmə işçiləri dağıntılar altında axtarışlarını davam etdirir və ölənlərin sayının artacağı gözlənilir.
Nə baş verib?
Çərşənbə axşamı günü Livanın paytaxtı Beyrutda böyük partlayış olub.
Məlumatlara görə, hadisə şəhərin liman hissəsində baş verib. İkinci partlayışın olmasına dair də təsdiqlənməmiş məlumatlar var.
Rəsmilər çərşənbə axşamı partlayışın dəqiq səbəbkarını tapmaq üçün istintaq başladıldığını bəyan ediblər. Livan Ali Müdafiə Şurası cavabdehlərin mümkün olan “maksimum cəza” ilə üzləşəcəyini bildirib.
Ammonium nitratın 2013-cü ildə limana yüklənmiş bir gəmidən boşaldıldığı və sonra orada bir anbarda saxlandığı bildirildi.
Yayılmış videolarda böyük tüstü buludu və dağılmış binalar görünür.
Bu, Livan üçün həssas zamanlardır – BMT tribunalı şənbə günü keçmiş Baş nazir Rafik Haririnin 2005-ci ildə qətlə yetirilməsilə bağlı dörd şübhəli barədə hökm çıxaracaq.
Ammonium nitrat nədir?
Ammonium nitrat bir sıra fərqli sahələrdə – daha çox kənd təsərrüfatı gübrəsi və partlayıcı maddə kimi istifadə olunur.
Yanğınla təmasda olduqda yüksək partlayıcıdır – və partladığı zaman ammonium nitrat azot oksidləri və ammonyak qazı da daxil olmaqla zəhərli qazları buraxa bilər.