Nazirlər Kabineti smartfonların qeydiyyatı üçün rüsumun guya ləğv edildiyini bildirməklə vətəndaşları çaşdırıb

Mayın 23-də baş nazir Əli Əsədov fiziki şəxslər tərəfindən şəxsi istifadə üçün ölkəyə gətirilən mobil qurğuların dövlət qeydiyyatı üzrə dövlət rüsumunun ləğv edilməsi haqda sərəncam imzalayıb.

https://nk.gov.az/az/document/6151/

Mətnin məzmunundan belə çıxır ki, Nazirlər Kabinetinin mobil qurğuların qeydiyyatına görə dövlət rüsumları haqqında 2018-ci il tarixli qərarı ləğv edilir.

Lakin gətirilən mobil qurğulara görə vətəndaşlardan rüsum tutulması davam edir. Telefonların qeydiyyatsız istifadə müddəti üçün müəyyən edilən 30 gün keçən kimi telefon rabitəsi bağlanır.

Turan-ın sorğusuna cavab olaraq Nazirlər Kabinetində bildiriblər ki, mobil qurğuların qeydiyyatına görə dövlət rüsumu ləğv edilməyib. Mayın 23-də dərc edilmiş qərara gəlincə, bu, “Dövlət rüsumu” haqqında qanunda dəyişikliklərə aiddir və dövlət rüsumlarının dövlət büdcəsinə köçürülməsi qaydalarını müəyyən edir.

Beləliklə, ölkə vətəndaşları bir daha əmin oldular ki, Nazirlər Kabinetində oturan şəxslər dərc olunan sənədlərin mətnlərini dəqiq ifadə edə bilmirlər. Və hökumətin dərc etdiyi hər şeyə inanmaq lazım deyil. Yeni smartfonların sahibləri isə onların qeydiyyatı üçün 150 manat hazırlamalıdır.