Tərtər işi: Xanlar Vəliyevin istefası tələbilə aksiya keçirildi
İyunun 16-da “Tərtər işi” ilə bağlı həbs olunan şəxslərin yaxınları Hərbi Prokurorluğun inzibati binasının qarşısında etiraz aksiyası keçiriblər. Onlar məsələnin ədalətli araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb ediblər.
Aksiya iştirakçılarının sözlərinə görə, həmin iş üzrə həbsdə olan hərbiçilər günahsız ola-ola işgəncələrə məruz qalıblar.
Onlar müttəhimlərin azadlığa buraxılmasını tələb ediblər. “6 aydır istintaq gedir, mənim oğlum günahsızdır, niyə hələ də həbsdədir”?, deyə aksiya iştirakçılarından biri qeyd edib.
Etirazçılar həmçinin hərbi prokuror Xanlar Vəliyevin istefasını tələb ediblər. Aksiya iştirakçıları bunu yenilənmiş istintaqın obyektiv aparılması üçün zəruri olduğu ilə izah ediblər.
Aksiya insidentsiz, etirazçıların bəyanatının oxunması ilə başa çatıb.
Aksiyada Müsavat Partiyasının da bir qrup üzvü iştirak edib.
* 2017-ci ilin yazında bir qrup hərbiçi və mülki şəxs Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq və Azərbaycan Müdafiə Nazirliyinin bölmələrinə qarşı təxribat hazırlamaq ittihamı ilə həbs edilib. Bu iş üzrə istintaq və məhkəmə prosesləri qapalı keçirilib. İstintaq zamanı səkkiz nəfərə ölüncəyədək əziyyət edilib, beş nəfər ölümündən sonra bəraət alıb.
2021-ci ilin dekabrında günahsız zərərçəkənlərin və məhkumların yaxınlarının çoxsaylı etirazları səbəbindən “Tərtər işi” üzrə istintaq yenidən başlayıb.
Bu ilin aprel ayına kimi müstəntiqlər hərbi hissələrdə işgəncələrə məruz qalan 397 nəfəri zərərçəkmiş kimi tanıyıb. Eyni zamanda, əsassız olaraq mühakimə edilmiş 16 nəfərin barəsində hökm ləğv edilib.
Bundan əlavə, 10 nəfər Azərbaycan Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə; amansız, qeyri-insani və ya ləyaqəti alçaltma), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2. 3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələrilə ittiham olunaraq həbs edilib.
Turan