Laçında döyüşlər gedir

Avqustun 3-də saat 09:00-dan başlayaraq Laçın rayonu istiqamətində atəşkəs rejimi pozulub. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Erməni silahlı dəstələrinin açıdığı intensiv atəş nəticəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Ermənistan tərəfi isə 7 hərbçisinin yaralandığı, onlardan 6-nın ağır vəziyyətdə olduğunu bildirir. Məlumata görə, döyüşdə minaatanlar və artilleriyadan istifadə edilir. Daha sonra bir nəfərin öldüyü, yaralananların sayının 15 nəfərə çatdığı bildirilib.

Ermənistan KİV-inin xəbərinə görə, Laçında bəzi erməni sakinlər ərazini tərk etməyə çalışsa da,  Rusiya sülhməramlıları buna imkan verməyiblər.

Qarabağda son iki gündə yaşanan gərginlik nədən qaynaqlanır? Turanın məlumatına görə, Azərbaycan ermənilərin istifadə edəcəyi alternativ yolun tikintisini başa çatdırır. Ona görə də ermənilər nəhayət ki, Laçın şəhərini və Zabux kəndini azad etməli, Laçın dəhlizi ilə hərəkəti dayandırmalı və yeni marşrutdan istifadə etməlidirlər.

Azərbaycan artıq öz ərazisinə asfalt yol çəkib, Ermənistan isə öz ərazisində yeni yolun (Tex-Kornidzor) hissəsinin layihələndirilməsinə yenicə başlayır.

Qeyd edək ki, Ermənistanın XİN rəhbəri ilə baş nazirinin Rusiya XİN rəhbəri və prezidenti ilə dünənki danışıqları zamanı üçtərəfli razılaşmaların “ciddi” yerinə yetirilməsi məsələsi qaldırılıb.

Turanın yazdığına görə, İrəvan Moskvadan dəstək ala bilməyib və ermənilər razılaşmaların icrasını gecikdirməkdə davam edərlərsə, o zaman Qarabağda vəziyyət ciddi şəkildə gərginləşə bilər.