Bacısı etirazlarda qətlə yetirilmiş Cavad Heydərinin məzarı başında saçlarını kəsdi-VİDEO

Sentyabrın 22-də hökumət məmurları tərəfindən güllələnmiş 36 yaşlı azərbaycanlı Cavad Heydərinin bacısı təsirli etiraz üsuluna əl atıb.

Heydərinin bacısı qardaşının məzarı üstündə hökumətin tətbiq etdiyi məcburi hicaba və qardaşının güllələnməsinə etiraz olaraq yaylığını atıb və saçlarını kəsib.

Cavad Heydərinin atası Əlipənah Heydəri “Amerikanın səsi” radiosunun fars bölümünə verdiyi açıqlamada oğlunun arxadan güllələndiyini deyib.

“Hökumət məmurları oğlumu kürəyindən vurdular. Onun xəstəxanaya çatdırılması və əməliyyat olunmasına icazə vermədikləri üçün Cavad qanaxmadan həyatını itirdi”,- deyə, ata bildirib. Dəfn mərasimində onun anası “o dünyada necə cavab verəcəksiniz” deyə, İranın hökumət başçılarına səslənib.

Bu günə kimi aksiyalarda döyülüb və güllələnərək öldürülən, kimliyi dəqiqləşdirilən azərbaycanlıların sayı 5 nəfərdir.

Aysan Mədənpərəst Təbrizdə, Hədis Nəcəfi Kərəcdə, Mehdi Musəvi, Mehrdad Qurbani Zəncanda, Cavad Abbasi isə Qəzvində öldürülüblər.

Öldürülən azərbaycanlıların sayının çox olduğu, ancaq hələlik onların kimliyinin dəqiqləşdirmək mümkün olmadığı bildirilir.

Günaz.TV