Rəsmi Bakı ilə Xankəndidəki separatçı rejim arasında görüş olub – KİV

Qarabağdakı separatçı rejimin nümayəndələri ilə Azərbaycan tərəfinin görüşü olub, lakin heç bir razılaşma yoxdur.

Bu haqda Azadlıq Radiosunun ermənicə redaksiyası öz mənbələrinə istinadən məlumat yayıb.

Qarabağdakı rejimin “fraksiya rəhbəri” Artur Arutunyan görüşün bazar ertəsi baş tutduğunu bildirib.

Məlumatda qeyd edilir ki, görüşdə Rusiya sülhməramlı missiyasının komandiri Volkov da iştirak edib.

Görüşdən sonra açıqlama verən Rusiya xarici işlər naziri Sergey Lavrov Laçın yolunun açılması məsələsinin də yaxın vaxtlarda həll olunacağını bildirib.

Xatırladaq ki, dekabrın 12-dən Azərbaycan vətəndaşları Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizində növbəli aksiya keçirirlər.

Ermənistan tərəfi Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və “humanitar böhran” yaratmaqda ittiham edir.

Rəsmi Bakı isə bildirir ki, aksiyaçılar sərbəst toplaşmaq hüququna malikdirlər. Etirazçıların sözlərinə görə, onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.

Basta