Bəxtiyar Hacıyev kritik vəziyyətdədir – vəkil
İctimai fəal Bəxtiyar Hacıyev 40 gündür aclığı davam etdirir. O, dünəndən sudan imtina edib və quru aclığa keçib, bu barədə Turan-a fevralın 17-də Penitensiar Xidmətin Müalicə Müəssisəsində ona baş çəkən vəkil Elçin Sadıqov bildirib.
Onun sözlərinə görə, Hacıyev həddindən artıq çəki itirib və bu gün çəkisi 66,7 kq-dır. O, gəzməkdə çətinlik çəkir və hazırda yataqdadır. Otağında daim Müalicə Müəssisəsinin əməkdaşı növbə çəkir ki, təcili hallarda tibbi yardım çağırsın.
“Bəxtiyar Hacıyev kritik vəziyyətdədir, onun həyatı təhlükədədir”, deyən vəkil əlavə edib ki, israrlara baxmayaraq, fəal aclığı dayandırmaqdan imtina edib.
Öz növbəsində, həkim-professor Adil Qeybulla Hacıyevin quru aclıq etməsini həddindən artıq təhlükəli hesab edir.
“Bəxtiyar həqiqətən də quru aclıq edirsə, bu, onun sağlamlığı üçün həddindən artıq təhlükəlidir”, deyə Qeybulla bildirib. Bir insan susuz və yeməksiz maksimum iki həftə dayana bilər, çünki qan qatılaşır və böyrəklərin funksiyası pozulur. Amma Bəxtiyar Hacıyevin artıq uzun müddətdir aclıq etdiyini nəzərə alaraq, onun limiti xeyli azdır. Buna görə quru aclıq orqanizmdə dönməz patoloji dəyişikliklərə səbəb ola bilər”, deyə Qeybulla qeyd edib.