İnkassatorlara silahlı hücum, bir nəfər həlak olub

Şənbə günü saat 12:30-da avtomatla silahlanmış cinayətkar Bakının Xətai rayonundakı “Bravo” hipermarketinin qarşısında inkassatorlara hücum edib.

Hücum nəticəsində inkassatorlardan biri avtomat silahdan açılan atəşdən həlak olub, digəri yaralanıb, Turan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər. Əməliyyat-istintaq qrupu hadisə yerində işləyir.

Öz növbəsində Baş Prokurorluğun məlumatında deyilir ki, prokurorluğun müxtəlif şöbə və idarələrinin əməkdaşları yerində operativ tədbirlər keçirirlər.

Hadisənin şahidləri sosial mediada bildirirlər ki, hücum edən  bankomatın yanında  inkassatorlara atəş açıb. Onlardan  biri başından yaralanıb və yerindəcə ölüb, ikincisi yaralanıb, amma sağ qalıb. Cinayətkar pul torbasını götürüb qaçıb.

Hüquq-mühafizə orqanları şahidləri dindirir və cinayətkarı axtarır.

 

TƏBİB-dən bildirilib ki, baş verən hadisə ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 12:21 radələrində çağırış daxil olub.

Hadisə nəticəsində xəsarət alan 2 nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib.

Bildirilib ki, hazırda onlara zəruri tibbi xidmət göstərilir.

Qeyd edək ki, bir nəfər hadisə yerində dünyasını dəyişib. (report)