Güneyli soydaşlarımızın təşəbbüsünə Müsavat başqanından dəstək
Güney Azərbaycanda yaşayan soydaşlarımız bütün dünyada ən çox haqqı tapdalanan, hüquqları pozulan xalqlar sırasına daxildir.
30 milyondan çox güneyli soydaşımız elementar vətəndaş hüquqlarından məhrum edilib.
Ana dilində təhsilə, milli-mədəniyyətin qorunub saxlanmasına və inkişaf etdirilməsinə imkan verilmir.
30 milyondan çox soydaşımızın milli kimliyini inkar etməyə, unutdurulmağa cəhd edilir.
Dövlət siyasətində soydaşlarımız və onların yaşadığı regionlar daim diskriminasiyaya məruz qalır.
Vətəndaş hüquqları və milli hüquqlar uğrunda mübarizə aparan soydaşlarımız həbs edilir, öldürülür.
Güneyli milli fəallar indi İran adlanan ölkədə bu miqyasda olan milli ayrıseçkilik, qeyri-insani davranış, insan hüquqlarının kobud şəkildə pozulmasına qarşı istər ölkə daxilində istərsə də yaşadıqları bütün ölkələrdə davamlı mübarizə aparır.
Milli diskriminasiyaya qarşı adekvat beynəlxalq reaksiyaya nail olmaq məqsədi ilə dünyanın bir çox ölkələrində müxtəlif aksiyalar təşkil olunur.
Belə aksiyalardan biri dünyanın siyasi mərkəzlərindən biri olan Brüssel şəhərində keçiriləcək.
Bütün soydaşlarımızı mart ayının 25-də, yerli vaxtla saat 14-dən, 17-dək Brüssel şəhərində keçiriləcək “Azadlıq və Ədalət yürüşü” nə
dəstək verməyə çağırıram.
Yazı Müsavat Partiyasının başqanı Arif Hacılının feysbuk səhifəsindən götürülüb.