DünyaManşet

Məhkəmə Trampın media qadağasını dayandırdı

CNN, MS NOW və Politico Ağ Evə qayıdır

ABŞ-da federal məhkəmə prezident Donald Tramp administrasiyasının CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişinə qoyduğu qadağanı dayandırıb. Hakim Tim Kelli qadağanın Konstitusiyaya zidd olma ehtimalının yüksək olduğunu bildirib və jurnalistlərin akkreditasiyalarının dərhal bərpa edilməsinə qərar verib.

ABŞ-ın federal hakimi Tim Kelli Tramp administrasiyasına CNN, MS NOW və Politico-nun jurnalistlərinə verilmiş Ağ Ev press-kartlarını dərhal qaytarmağı tapşırıb. Məhkəmə həmçinin administrasiyanın qadağanı 14 gün ərzində tətbiq etməsini bloklayıb.

Sentyabrın 18-də Tramp bu üç media qurumunun Ağ Evə girişini qadağan etmişdi. Prezident sosial şəbəkədə həmin media qurumlarını “uydurma və yalanlar” yaymaqda ittiham etmişdi.

Bundan sonra CNN, MS NOW və Politico məhkəməyə müraciət edərək qadağanın ABŞ Konstitusiyasının Birinci Düzəlişində təsbit olunan söz və mətbuat azadlığını pozduğunu bildirmişdilər. Media qurumları həmçinin jurnalistlərin giriş hüququndan məhrum edilməzdən əvvəl qərardan şikayət etmək imkanının verilmədiyini vurğulamışdılar.

Tramp administrasiyasının “milli təhlükəsizlik” arqumenti qəbul edilmədi

ABŞ Ədliyyə Nazirliyi məhkəmədə Ağ Evə girişin jurnalistlər üçün hüquq deyil, prezidentin müəyyən etdiyi imtiyaz olduğunu və milli təhlükəsizlik səbəbilə bu girişin məhdudlaşdırıla biləcəyini müdafiə edib.

Lakin hakim Tim Kelli bu arqument üçün iş materiallarında kifayət qədər faktiki əsas görməyib. Onun sözlərinə görə, jurnalistlərin Ağ Evə girişinin milli təhlükəsizliyə real təhlükə yaratdığını göstərən sübut təqdim edilməyib.

Hakim həmçinin qeyd edib ki, Trampın öz açıqlamalarında qadağanın səbəbi milli təhlükəsizlik deyil, həmin media qurumlarının yaydığı məlumatların “doğruluğunun olmaması və neqativliyi” kimi göstərilib.

Məhkəmə prosesinin yekun nəticəsi isə hələ müəyyən edilməyib. Kelli yalnız qadağanın icrasını müvəqqəti olaraq dayandırıb və əsas məhkəmə araşdırması davam edəcək.

CNN, MS NOW və Politico-nun mövqeyini ABŞ-da mətbuat azadlığını müdafiə edən təşkilatlar və çoxsaylı media qurumları dəstəkləyib.

Onların təqdim etdiyi məhkəmə sənədində jurnalistlərin redaksiyanın mövqeyinə və ya yaydığı materiallara görə dövlət tərəfindən Ağ Evə girişdən məhrum edilməsinin ABŞ Ali Məhkəməsinin formalaşdırdığı hüquqi praktikaya zidd olduğu bildirilib.

 Basta