Bunu edərkən, öz ailənizi düşünün
Mustafa Hacıbəyli
Elbəyi Həsənli, bu necə olur? Bir insanın ailə üzvü haqda yazı yazırsan. Adını “araşdırma” qoyursan. Amma həmin insanın özünə bir sual verib nəyisə dəqiqləşdirməyə ehtiyac duymursan?!
Yaqut Hacılı adlı bir ABŞ vətəndaşının məlumatlarını, onun LinkedIn hesabında olan şəklini paylaşmısan. O, bizim gəlinimiz deyil, tanımırıq belə. Demirəm Arif Hacılı, Orxan Hacılı, heç olmasa hesabına girib şəxsi məlumatlarını paylaşdığın qadına, həmin hesabdakı messencer vasitəsilə “Siz Arif Hacılının gəlinisinizmi?” sualını niyə vermədin?
Yazıb ki, bu məsələyə maraq göstərməsinin şəxsi səbəbi var. Hərgah, marağın haradan qaynaqlandığı məlumdur – bu sifarişli yazını ilk olaraq dərc edən həmin əqidəsinə dönük çıxan şəxs, həmin yazıda sənə publik olaraq “pas verib” .
Nə imiş şəxsi səbəb?
Elbəyi Həsənli əvvəllər də Müsavata qarşı böhtan dolu yazılar yazıb. Hətta yazıb ki, “məhkəməyə versələr, sevinərəm, gəlib orada sübut edərəm”. Müsavat yetkilisi Gülağa Aslanlı onu məhkəməyə verib. Amma Elbəyi Həsənli heç bir sübut təqdim etməyib, edə bilməyib. Nəticədə məhkəmə dediyi böhtanlara görə Elbəyi Həsənlinin Müsavatdan üzr istəməsi və iddia ərizəsində nəzərdə tutulan simvolik təzminat ödəməsi barədə qətnamə çıxarıb.
Yaxşı, Müsavata və Arif Hacılıya münasibətinin motivini başa düşdük. Bəs onlara heç bir aidiyyəti olmayan bir qadının günahı nə idi ki, onun harada nə iş gördüyü, hansı alqı-satqılarda vasitəçi-agent olduğu haqda məlumatları yazdın?!
Özünü sığortalamaq, yaxud obyektiv göstərmək üçün Yaqut Cəbrayılova ilə, hesabını paylaşdığı Yaqut Hacılının eyni şəxs olmasının sadəcə bir ehtimal olduğunu da yazıb. Amma Arif Hacılının “ehtimal olunan gəlininin” 510 min və 775 min dollarlıq əmlak alqı-satqılarında vasitəçi-agent olmasını tirajlamaq həvəsindən özünü saxlaya bilməyib.
Manipulyasiyanın ən müxtəlif üsullarından istifadə edib. Məsələn, iki yerdə “Arif Hacılı təsdiqləyir” ifadəsini yazıb. Az qalıb yaza ki, Arif Hacılı “etiraf edir”.
Yazıb “4 sentyabr hadisəsi”. Bu nə hadisədir elə?!
Çoxları bilir ki, Amerikanın miqrasiya polisi hər gün miqrantlara qarşı reydlər keçirir. 2025-ci ilin yanvar ayından sonra 500 000-ə (!) yaxın miqrant ABŞ-da immiqrasiya və hüquq-mühafizə orqanları tərəfindən saxlanılan və immiqrasiya əsaslı booking (qeydiyyata alma / həbs bazasına daxil etmə) prosedurundan keçib. İnternetdə bu rəqəmlər geniş yayılıb.
Yoxlamaya məruz qalanların əksəriyyəti ilə bağlı hər hansı qanun pozuntusu ortaya çıxmayıb:
2025–2026-cı illərdə ICE tərəfindən booking edilən və ya həbs mərkəzlərinə yerləşdirilən miqrantların təxminən 70 faizinin dosyelərində heç bir kriminal tapılmayıb. Bu yoxlamaların niyə keçirildiyi və belə fantastik miqyas aldığı tam başqa mövzudur.
Bu şəxslərin böyük əksəriyyəti viza müddətini aşma, status dəyişikliyi zamanı yaranan inzibati uyğunsuzluqlar və ya immiqrasiya ilə bağlı müraciətlərə vaxtında baxılmadığına görə yoxlamaya məruz qalanlardır. Orxan Hacılı bu cür yoxlamaya məruz qalan yarım milyon miqrantdan sadəcə biridir.
Manipulyasiyanın pik nöqtəsi isə odur ki, yazısında Yaqut Hacılı ilə Yaqut Cəbrayılovanın eyni şəxs olmasının sadəcə bir ehtimal olduğunu yazan Elbəyi Həsənli bir yerdə bunu “unudur” və belə yazır: “Araşdırmanın daha bir maraqlı detalı Yaqutun soyadıdır. ABŞ-dakı professional fəaliyyətində o, ‘Yagut Hajili’ kimi görünür”…
Şəxsi səbəblərə görə kimlərinsə ailə üzvlərini hədəfə alarkən, öz ailənizi düşünün, qarşınızdakının tərbiyəli olmasından sui-istifadə etməyin, manipulyasiya, təhrif, qarayaxmadan əl çəkin.

