Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsi quruldu

Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

Bildirilib ki, bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.

“Sərhədlərimizin nəzarətə götürülməsi dövlətimizin beynəlxalq normalara tam uyğun olan suveren hüququdur”. Bunu Müsavat başqanı Arif Hacılı özünün feysbuk səhifəsində yazıb. 
“…Elçibəy 31 il əvvəl demişdi ki, Qarabağ münaqişəsinin həlli Laçın-Xankəndi yolunun nəzarətə götürülməsindən keçir. Burada Azərbaycanın sərhəd-buraxılış məntəqəsinin qurulması ərazimizə silah-sursatın, fitnə-fəsadın gətirilməsinin qarşısının alınması, bütün ərazimiz üzərində suveren hüquqlarımızın bərpası istiqamətində ciddi addımın atılması deməkdir” – deyə, Arif Hacılı vurğulayıb.