Blinken: Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır
Azərbaycan-Ermənistan arasında sülh danışıqları Vaşinqtonda sona çatıb. Dövlət Katibi Anthony Blinken deyib ki, Azərbaycan və Ermənistan son razılaşmaya yaxındır.
“İki tərəf bu son günlər ərzində çox çətin məsələləri müzakirə ediblər və davamlı sülh razılaşması barədə konkret irəliləyiş əldə ediblər”, cənab Blinken bəyan edib.
Bu yazıda oxuyun: Azərbaycan-Ermənistan: sülh danışıqlarında nə müzakirə olundu?
“Bu razılaşmanı əldə etmək yalnız tarixi deyil, həm də Azərbaycan və Ermənistan xalqlarının marağındadır”, Blinken deyib əlavə edib ki, razılaşmanın yalnız bu iki ölkədə deyil, onlardan kənarda da müsbət təsirləri olacaq.
Blinken deyib ki, danışıqların gedişi göstərir ki, “biz razılaşmanın əldə olunmasına yaxınıq”.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan və onları müşayiət edən nümayəndə heyətinin üzvləri Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yenicə yaydığı bəyanatında deyilir.
Hər iki nazir Ermənistan və Azərbaycan arasında danışıqlara ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlıqlarını ifadə ediblər. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər, məlumatda deyilir.
“İlkin sənəd imzalana bilər”
Bakıda mənzillənən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev BBC Azərbaycancaya bildirib ki, onun fikrincə, Blinkenin vurğuladığı “çox çətin məsələləri” həll etmək mümkündür.
Fərid Şəfiyevin sözlərinə görə, mövcud fikir ayrılıqlarına səbəb olan sərhədlərin delimitasiya və demarkasiyası, Qarabağ ermənilərinin müqəddəratı, bəzi Ermənistan ərazilərinə Azərbaycanın nəzarət etməsi kimi iddiaları kimi məsələlərdir və rəsmi Bakı və Yerevan bun məsələlərin daxil olmadığı və münasibətlərin normallaşdırılmasına xidmət edən ilkin sənəd imzalaya bilər.
“Hesab edirəm ki, proqres var və sadəcə, – bu da anlaşandı- prosesə qısqanc yanaşan Rusiya var. Əgər Vaşinqtonda bir sənəd razılaşdırılıbsa belə, bu, orda imzalanmayacaq, başqa bir ölkədə imzalanacaq. Prezident İlham Əliyev yaxşı bir təklif verib ki, vasitəçisiz yeni bir görüş keçirilsin. Bu zaman kimsə qısqanclıq etməyəcək”, – Fərid Şəfiyev deyib.
BBC