“Araz” marketdə yumurtadan qurd çıxdı – Video

Əhvalat iyunun 6-da baş verib…

Deməli, “Araz” adlı hörmətsiz supermarketlər şəbəkəsinin 8-ci mkr.-da yerləşən “Tərgül” Ticarət Mərkəzindəki filialından yumurta almaq istədim. İlk paketi götürüb adətim üzrə üstündəki tarixə baxdım və gözüm dörd oldu: üzərində ay olaraq, deyəsən, oktyabr, lakin il olaraq yüz faiz 2006-cı il göstərmişdi. Yaxınlıqdakı mağaza əməkdaşını çağırdım, əvvəl o da inanmadı, sonra rəqəmləri görüb texniki səhv olduğunu söylədi.

Nə gizlədim, mən də elə fikirləşdim – 2006 hara, 2023 hara?! Yüz faiz texniki səhvdi… Mağaza əməkdaşı olan qardaş ya 3, ya da 4 belə paket götürüb getdi. Mən isə üzərində istifadə tarixi 5 iyun – 20 iyun yazılmış paketlərdən birini alıb gəldim. Sonrasını aşağıdakı videoda görəcəksiniz.

Deməli, paketi açıram, məlum olur ki, yumurtaların üzərində istehsal tarixi (əgər o da doğrudursa!) 21 may 2023 göstərir, yəni paketləmədən 15 gün əvvəl… Bir sözlə, fırıldaqçılığın yekəsi! Bu da cəhənnəm, paketi açan anda ətrafa bir üfunət yayılır, az qalır burnum qopub düşsün! Baxıb görəm nə? – Paketdəki 2 yumurtanın sadəcə qabığı var, içində isə qurdlar qaynaşır! Pis qoxudan, yalan olmasın, bir neçə dəqiqə yaxına gedə bilmədim, axırda cin atına minmiş halda ancaq bu 1 dəqiqəlik videonu çəkdim, bir də qəzəbli halda zəng eləyib hörmətsiz “Araz”a şikayət ünvanladım. Açığı, o şikayəti də eləməzdim, – kimdən kimə şikayət eləyim?! – ancaq daha dözmədim: adını supermarket qoymuş bu müxtəlif supermoşenniklərdən son aylarda başıma gələn artıq necənci vaqeədi, unutmuşam…

Birindən pəhriz çörəyi almışam, gəlib açıram kif basıb, o birindən görünməz qabda gigiyenik vasitə alıram, 2 gün sonra baxıram, bay, içi bomboşdur.

Başa düşürəm e, quluq, nökərik, rəiyyətik, vəzifəmiz bir ovuc adamın cibini doldurmaqdır, onları belimizə mindirib gəzdirməkdir, lap yaxşı, ancaq insafınız olsun, palanımızı alıb vermirsiniz, üstəlik, o palanı bizə üçqat, beşqat bahasına sırıyırsınız, yaxşı eyləyirsiniz, barı, minəndə palansız minməyin də!

Yazı Elnur Astanbəylinin feysbuk səhifəsindən götürülüb.