Rusiya sülhməramlılarının Qarabağdakı “biznesi”
Carnegie Fondunun Qarabağ münaqişəsi üzrə aparıcı eksperti Tomas de Vaal Vaşinqtonda keçirilən Azərbaycan-Ermənistan danışıqlarının dərhal ardınca AzadlıqRadiosunun Erməni xidməti – Azatutyuna müsahibəsində bir sıra digər məsələlərlə yanaşı, Rusiya sülhməramlılarının Qarabağdakı “biznesindən” danışıb.
“Rusiya sülhməramlıları Qarabağ ermənilərini niyə müdafiə etmirlər” sualına cavab verən politoloq deyib ki, sülhməramlı kontingentin sayı 2020-ci ildən bəri azalmasa da, missiyanın keyfiyyəti azalıb:
“Bir çox yüksək rütbəli zabitlər Ukraynaya göndəriliblər. Qarabağdan belə xəbərlər də gəlir ki, sülhməramlılar blokadadan, başqa münaqişə zonalarında olduğu kimi aşkar biznes məqsədləri üçün istifadə edirlər. Onlar ərzaq və başqa malları gətirir və Qarabağ əhalisinə daha baha qiymətlərə satırlar. Bu çox xoşagəlməzdir. Amma məncə prezident Putini indi başqa məsələlər, o cümlədən şəxsən özünün salamat qalması narahat edir”.
Tomas de Vaal Rusiya sülhməramlı missiyasının gələcəyinə dair də fikrini bildirib:
“Düşünürəm ki, hazırda nə Bakıda, nə də Moskvada Rusiya sülhməramlılarının çıxarılması təşəbbüsü yoxdur. Böyük bir ehtimalla azərbaycanlılar 2025-ci ilin mayında Rusiya sülhməramlı missiyasının uzadılmasına veto qoyacaqlar ki, onlar 2025-ci ilin noyabrında çıxıb getsinlər. Amma, əlbəttə, o vaxtadək çox hadisələr ola bilər”.
AzadlıqRadiosu