Müsavat “Qafqazinfo”dan təkzib tələb edir – rəsmi məktub
Müsavat Partiyası təkzib tələbiylə “Qafqazinfo” xəbər portalının redaksiyasına rəsmi məktub göndərib.
Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, məktubda deyilir:
“Avqustun 12-də Müsavat Partiyasının başqanı İsa Qəmbər və Məclis sədri Arif Hacılı Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko və Avropa ölkələrinin diplomatları ilə görüşüblər.
Aİ nümayəndəliyinin təşəbbüsü ilə baş tutan görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkiləri, siyasi məhbuslar, Aİ ilə Azərbaycan arasında münasibətlər müzakirə olunub. Görüşdə Aİ Bakı ofisinin rəhbəri Piter Mixalko ilə yanaşı, Avropa İttifaqı ölkələrinin Azərbaycanda fəaliyyət göstərən başqa diplomatları da iştirak ediblər. Müsavat Partiyasının mətbuat xidməti görüş başa çatdıqdan dərhal sonra bu barədə məlumat yayıb.
Bir qayda olaraq Azərbaycandakı diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri hər seçkilər ərəfəsində müxtəlif siyasi partiyalarla, o cümlədən hakimiyyətdəki siyasi partiyanın nümayəndələri ilə görüşlər keçiriblər.
Lakin “Qafqazinfo” xəbər portalı və bəzi digər iqtidaryönlü media orqanları həmin görüş barədə yalan və böhtanlarla dolu məlumat yayıblar. Məlumatda görüşün iştirakçıları, məqsədi və müzakirə olunan məsələlər barədə yazılanlar tamamilə uydurma və böhtandır. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi də hakimiyyətyönlü medianın bu böhtanına rəsmi bəyanatla etiraz edib.
“Qafqazinfo” xəbər portalından sözügedən yalan və böhtanlarla bağlı eyni həcmdə təkzib dərc etməsini və Müsavat Partiyasında üzr istəməsini tələb edir, əks halda məhkəməyə müraciət olunacağını bildiririk.
İsa Qəmbər,
Müsavat partiyasının başqanı”