Baqrat Qalstanyanı tutdular
Ermənistanda 14 nəfər Rusiyanın sifarişi ilə dövlət çevrilişi törətmək cəhdində ittiham olundu
Ermənistanda dövlət çevrilişi planlaşdırdığı iddia edilən arxiyepiskop Baqrat Qalstanyan saxlanılıb.
Ermənistan mediası xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları arxiyepiskop Baqrat Qalstanyanın evində axtarış aparıb, bundan sonra o, saxlanılaraq İstintaq Komitəsinə aparılıb.
Bundan əvvəl İstintaq Komitəsi bəyanat yayaraq, “Müqəddəs Mübarizə” hərəkatının liderlərinin terror aktları və hakimiyyəti ələ keçirmə aktları hazırlaması barədə məlumat yayıb. İstintaq Komitəsi hərəkat liderlərinin iştirakı ilə çəkilişləri də dərc edib.
Ermənistanın baş naziri Nikol Paşinyan hüquq-mühafizə orqanlarının respublikada sabitliyi pozmaq və hakimiyyəti ələ keçirmək üçün “böyük və məkrli” planın qarşısını aldığını bildirib.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları “kriminal oliqarx olan din xadimlərinin” Ermənistan Respublikasında sabitliyi pozmaq və hakimiyyəti ələ keçirmək üçün iri və məkrli planının qarşısını alıblar”- deyə, Paşinyan Facebook-da yazıb.
Terror aktları törətmək və hakimiyyəti ələ keçirməyə hazırlaşan “Müqəddəs Mübarizə” hərəkatının rəhbərləri və iştirakçılarına qarşı açılmış cinayət işi çərçivəsində ümumilikdə 14 nəfər həbs edilib.
Qalstanyan terror aktı hazırlamaqda, kütləvi iğtişaşları qızışdırmaqda və hakimiyyəti ələ keçirməkdə ittiham olunur..
Ermənistanın İstintaq Komitəsi axtarış zamanı aşkarlanan və ölkədə dövlət çevrilişinə cəhddə Rusiyanın izindən bəhs edən sənədi dərc edib.
Sənəddə deyilir: “Rusiya tərəfinin nümayəndələrinin iştirakı ilə bir neytral ölkədə bütün əsas aktorların toplantısını təşkil etmək lazım gələ bilər”.