Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb.

Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

 

Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrindəki yeni vəziyyət və Gorus-Qafan yolunda yeni nəqliyyat şəraiti və digər əlaqəli mövzular müzakirə olunub.

 

Sentyabrın 12-də Azərbaycan Ermənistanla sərhəddə, Qafan-Gorus yolunun Azərbaycandan keçən hissəsində polis və gömrük postu qoyub, ölkə ərazisinə girən İran nömrəli nəqliyyat vasitələrinin gömrük rüsumuna cəlb olunmasına başlayıb.

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi də elə bu hadisələrdən sonra Hikmət Hacıyevlə iki dəfə görüşmüşdü.

Bu görüşlər barədə tərəflərin “ortaq narahatlıq və maraq doğuran məsələləri” müzakirə etdiyi açıqlaması verilsə də, sonrakı gün Azərbaycan İran nömrəli nəqliyyat vasitələrinin ölkə ərazisinə qanunsuz girdiyini əsas gətirərək onları saxlayıb və bundan sonra səfir Prezident köməkçisi ilə təkrar görüşməli olub.

İran maşınlarının Qarabağa yollanması yeni məsələ deyil və bu barədə Azərbaycan hakimiyyəti yüksək səviyyədə buna öz sərt reaksiyasını göstərib.