Şərqi Azərbaycanda etirazçılar beynəlxalq tranzit yolunu bağlayıb
Aksiyaçılarr bölgədə içməli su çatışmazlığı ilə bağlı məsulların laqeydliyinə etiraz ediblər.
Şərqi Azərbaycan əyalətinin Mərənd mahalının “Köşksaray” şəhərinin əhalisi bölgədə içməli su çatışmazlığı ilə bağlı müraciətlərinin cavabsız qalması və məsulların problemə laqeyd yanaşmasına görə etiraz aksiyası keçiriblər.
Şəhərin Su və Kanalizasiya İdarəsi qarşısında toplaşan əhali 6 aydır ki, uzun fasiləli elektrik və içməli su kəsintilərindən əziyyət çəkdiklərini, müraciətlərinin cavabsız qaldığını deyiblər.
Onlar səslərini məsulların qulağına çatdırmaq üçün Təbriz-Bazərqan beynəlxalq tranzit yolunu bağlayıb, problemlərinin həlli ilə bağlı rəsmi məqamların münasibət bildirməsini istəyiblər.
Məsələyə münasibət bildirən Mərənd mahalının fərmandarı (İcra Hakimiyyətinin başçısı) Davud Gərşasibi yenədə bütün problemin quraqlıq və yağıntıların azalmasından qaynaqlandığını deyib.
“Aylardır ki, içməli su çatışmazlığının aradan qaldırılması ilə bağlı müxtəlif layihələr üzərində işlənilir. Çatışmazlıq quraqlıq və yağıntıların azalmasındadır. Mərəndin Su və Kanalizasiya Şirkəti ilə məsələnin həlli yönündə müzakirələr aparılıb və bir ay müddətində yeni artizan quyusunun qazılması nəzərdə tutulub”-deyə, Gərşasibi bildirib.
Köşksaray şəhəri mahal mərkəzi Mərəndin 15 kilometrliyində, Təbriz-Bazərqan beynəlxalq tranzit yolunun üstündə yerləşir.
Günaz TV