ManşetÖlkə

Azərbaycanda təhsil niyə ailədən başlayır?

Valideyn-şagird-məktəb (müəllim) üçbucağı – III yazı

Təhsil çox zaman məktəblə eyniləşdirilir. Halbuki məktəb uşağın həyatına müəyyən yaşdan sonra daxil olur. Ondan əvvəl isə uşaq dil, davranış, ünsiyyət, intizam, münasibət və motivasiya kimi əsas keyfiyyətləri ailədə qazanır. Bu baxımdan məktəb sonrakı mərhələdir; başlanğıc nöqtə ailədir.
Azərbaycan cəmiyyətində tarixən ailə institutunun güclü olması mühüm üstünlükdür. Lakin müasir dövrdə urbanizasiya, rəqəmsal asılılıq, iqtisadi gərginlik və vaxt çatışmazlığı valideynlərin tərbiyə və təhsil prosesində rolunu bəzən zəiflədir. Nəticədə məktəbdən gözləntilər artır, amma ailənin iştirak səviyyəsi azalır.

Pedaqoji və psixoloji araşdırmalar göstərir ki, erkən yaş dövründə formalaşan vərdişlər sonrakı akademik nailiyyətlərə birbaşa təsir edir. Danışıq və dil ehtiyatı, diqqət toplamaq bacarığı, nizam-intizam, oxuya münasibət, əməksevərlik, emosional təhlükəsizlik hissi, məsuliyyət kimi əsas amillər məhz ailədə formalaşır.

Əgər uşaq məktəbə bu baza ilə gəlirsə, müəllim daha yüksək nəticə əldə edir. Əks halda məktəb həm tədris, həm tərbiyə, həm də psixoloji kompensasiya yükünü daşımalı olur.
Bir çox hallarda eyni müəllimin sinfində fərqli nəticələr göstərən şagirdlər müşahidə olunur. Bunun səbəbi yalnız qabiliyyət fərqi deyil. Evdəki təhsil mühiti böyük rol oynayır. Bu mühiti formalaşdıran amillər: evdə sakit çalışma guşəsinin olması, ailədə kitab və mütaliə ənənəsi, vaxt planlaması, valideyn marağı, ekran vaxtına nəzarət və təşviqedici ünsiyyət məktəbdə normal tədrislə birləşdikdə ideal bir vəziyyət yaranır. Bu mühit olmayan hallarda məktəbin təsiri məhdudlaşır.

Azərbaycan reallığında ailə və məktəb arasındakı əsas ziddiyyətlər aşağıdakı hallarda özünü göstərir:

1.Məktəbdən maksimum gözlənti olan ailə minimum tərəfdaşlıq nümayiş etdirir. Valideyn bəzən məktəbi xidmət göstərən qurum kimi qəbul edir və nəticəyə görə yalnız məktəbi məsul sayır.

2.Valideyni uşağın inkişafından çox qiyməti maraqlandırır, qiymət əsas göstəriciyə çevrilir. Gündəlik qiymətləndirmədə əldə edilən bacarıqların qeydiyyatı aparılmalı olduğu halda bu cür valideynlərin tələbinə uyğunlaşmağa məcbur olan müəllim formativ qiymətləndirməni ənənəvi bal sistemi ilə qiymətləndirir.

3.Müəllimlə valideyn arasında etimadın get-gedə zəifləməsi hesabına şagird də təhsil prosesinə məsuliyyətsiz yanaşır.

4.Vaxt problemi də ziddiyyət yaradan amillərdən sayıla bilər. Müasir ailələrdə valideynlərin iş yükü səbəbilə uşağa keyfiyyətli vaxt ayırmaq çətinləşir.

İndi gələk əsas sualın üzərinə: təhsil niyə ailədən başlamalıdır?

Çünki məktəb gündə bir neçə saat təsir edir, ailə isə illərlə.
• Çünki müəllim 20–30 şagirdlə işləyir, valideyn isə bir uşağın həyatına fokuslanır.
• Çünki uşağın xarakteri dərsdə yox, gündəlik həyat içində formalaşır.
• Çünki motivasiya kənardan yox, münasibətlərdən doğur.

Ziddiyyətlərin mövcud olduğu nöqtədə məktəb irəliyə doğru addımların səmərəsini görə bilməyəcək. Bu durğunluqdan çıxmaq üçün bir neçə istiqamət təklif edirik.

1.İlk addım valideyn maarifləndirilməi sisteminin qurulmasından başlayır. Məktəblərdə müntəzəm valideyn seminarları keçirilməlidir. Bu seminarlarda daim yenilənən mövzularda müzakirələr aparılmalıdır. Rəqəmsal təhlükəsizlik, yeniyetmə psixologiyası, öyrənmə dəstəyi üsulları, imtahan stressi idarəetməsi mövzuları peşəkarlar tərəfindən aparılanda nəticə uğurlu olur.

2. Ünsiyyət etikası, görüş formatı, qarşılıqlı məsuliyyətlər müəyyən edilən məktəb-valideyn əməkdaşlıq protokolu tərtib edilməlidir.

3.Oxu mədəniyyəti qurulması ailədə başlanmalıdır. Evdə kitab mühiti və birgə mütaliə təşviq olunmalıdır.

4.Uşaqda məsuliyyət tərbiyəsi də əsas istiqamətlərdəndir. Valideyn uşağın yerinə yaşamamalı, ona məsuliyyət daşımağı öyrətməlidir.
Bir çox ölkələrdə məktəb uğurunun əsas komponentlərindən biri “parental engagement” – valideyn iştirakı hesab olunur. Bu iştirak yalnız iclasa gəlmək deyil, uşağın öyrənməsinə davamlı maraq göstərməkdir.
Azərbaycanda təhsilin inkişafı üçün yalnız proqram dəyişikliyi, imtahan islahatı və ya texniki yenilənmə kifayət deyil. Əsas dönüş nöqtəsi ailənin təhsil prosesində aktiv tərəfdaş kimi yenidən mövqeləndirilməsidir.
Təhsil məktəbdə davam edir, amma ailədə başlayır.
Güclü məktəb üçün əvvəlcə güclü valideyn mədəniyyəti formalaşdırılmalıdır.
Əgər valideyn müəllimə rəqib yox, müttəfiq kimi baxsa, şagird də təhsilə yük yox, fürsət kimi baxacaq.

Hidayət Allahverdi,
Müsavat Partiyası Təhsil Komissiyasının sədri.