Ukrayna Azov dənizində Rusiyanın 8 tankerini vurdu
İyulun 7-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri Rusiyanın “kölgə donanması”na aid səkkiz tankeri Azov dənizində vurub. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert “Macar” Brovdi özünün Telegram kanalında məlumat verib və zərbələri videokadrlarla təsdiqləyib.
Paylaşımda bildirilir ki, bütün səkkiz tanker müəyyən edilib. Onlardan yalnız yeddisinin adı açıqlanıb. MarineTraffic xidmətinin məlumatına görə, həmin tankerlərin hamısı həqiqətən də Rusiya bayrağı altında üzür. Səkkizinci tankerin adı isə hələ dəqiqləşdirilir.
Brovdinin sözlərinə görə, bugünkü hücum zamanı bir quru yük gəmisi və bir bərə də zərbə alıb. O bildirib ki, bütün tankerlərə ciddi ziyan dəyib. Ümumi zərərin miqyasını isə hələlik qiymətləndirmək mümkün deyil.
“Krımın yanacaq təminatı uğrunda Azov dənizində döyüş davam edir”, – deyə Brovdi yazıb.
Rusiya tərəfi hələlik bu hücuma münasibət bildirməyib.

