ManşetSiyasət

Usmanov Aİ-nin sanksiya siyahısından çıxarıldı

 

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları daha üç il uzatdı. Lakin Rusiyanın ən tanınmış milyarderlərindən olan Əlişir Usmanov və Mixail Fridman sanksiya siyahısından çıxarıldı. Usmanovun siyahıdan çıxarılmasında isə Fransanın xüsusi rolu olub. Daha maraqlısı budur ki, diplomatik mənbələr bu prosesin Azərbaycanla bağlı olduğunu iddia edirlər.

Reuters-in məlumatına görə, Fransa Usmanovun sanksiyadan çıxarılması məsələsində fəallıq göstərib. Üç avropalı diplomat isə Parisin bu mövqeyini Azərbaycanın Fransaya göstərdiyi təzyiqlə əlaqələndirib. Söhbət Azərbaycanda saxlanılan iki Fransa vətəndaşından gedir.

Daha sensasion iddianı isə Euronews yayıb.

Nəşrin diplomatik mənbələrə istinadən məlumatına görə, Azərbaycan iki Fransa vətəndaşının azad edilməsinə, Fransa isə Usmanovun Aİ-nin sanksiya siyahısından çıxarılmasına şərait yaradılması barədə qeyri-rəsmi razılaşma əldə edib. İddialara görə, Azərbaycan Prezidenti İlham Əliyevin əfv qərarı da bu razılaşmanın bir hissəsi olmalı idi.

Azərbaycan tərəfi Fransaya təzyiq göstərilməsi barədə xəbərləri təkzib edir. Hərçənd, rəsmi Bakı Usmanovun sanksiyalardan çıxarılmasını dəstəklədiyini də gizlətmir. Azərbaycan və digər türk dövlətlərinin 2023-cü ilin noyabrından etibarən Usmanovun sanksiya siyahısından çıxarılması üçün Avropa və ABŞ rəsmiləri ilə təmaslar apardığı barədə məlumatlar var.

Fransa Usmanovun sanksiyadan çıxarılmasını “milli təhlükəsizlik” məsələləri ilə əsaslandırıb, lakin konkret detallar açıqlanmayıb.

Bu mövqe Aİ daxilində ciddi narazılıq yaradıb. Çünki Usmanov Rusiya prezidenti Vladimir Putinin ən yaxın adamlarından biri sayılır. Xüsusilə Baltikyanı ölkələr Usmanovun siyahıdan çıxarılmasına etiraz ediblər. Estoniya xarici işlər naziri Fransanın bu qərarı izah etməli olduğunu bildirib.

Lakin son anda kompromis əldə edilib: Usmanov və Fridman siyahıdan çıxarılıb, əvəzində Rusiyaya qarşı fərdi sanksiyaların müddəti əvvəlki altı ay əvəzinə 36 ay uzadılıb.

Basta