Arif Hacılı: “Mənə qarşı qarayaxma davam edir”
Mənə və yaxınlarıma qarşı təzyiq və qarayaxma kampaniyası yenə davam edir.
İndi də oğlumun və gəlinimin ABŞ-da həbs olunması və onlara qarşı ittiham irəli sürülməsi barədə təhrif edilmiş, həqiqətdən uzaq məlumatlar yayılıb.
ABŞ-da fəaliyyət göstərən ICE adlı qurumun miqrantlara qarşı keçirdiyi genişmiqyaslı reydlər barədə çoxları xəbərdardır. Belə reydlərdən birində mənim oğlum və gəlinim də saxlanılıb.
Müəyyən soruşdurma və araşdırmalardan sonra onların hər ikisi sərbəst buraxılıb.
Daha irəli gedən nəticələr çıxaranlara da bildirməliyəm ki, Müsavat Partiyası tərəfindən nə oğlum, nə də ailəmin digər üzvləri üçün heç vaxt hər hansı müdafiə sənədi verilməyib və heç bir quruma Müsavat Partiyası adından müraciət edilməyib.
Çünki bu illər ərzində mənə və ailə üzvlərimə qarşı fasiləsiz təzyiq və təqiblər, həbslər barədə Azərbaycanda hər kəs xəbərdardır və ölkə hüdudlarından kənarda da bu barədə öyrənmək istəyənlər üçün internet resurslarında, dünyanın tanınmış mətbuat orqanlarında müxtəlif illərdə dərc olunmuş külli miqdarda məlumatlar, Avropa İnsan Haqları Məhkəməsinin qərarları var.
Hətta əleyhimə hazırlanan məqalənin müəllifləri də daxil olmaqla kimsənin mənə, ailə üzvlərimə olan təzyiqlərin əks etdirilməsi üçün nələrisə uydurmağa ehtitac olduğunu düşündüyünə inanmıram.
Yazı Müsavat Məclisinin sədri Arif Hacılının feysbuk səhifəsindən götürülüb.

