DünyaManşet

İrkutskda laborantın ölümü: taun təsdiqlənmədi

Rusiyanın İrkutsk vilayətində Taun Əleyhinə Elmi-Tədqiqat İnstitutunda çalışan 28 yaşlı laborant Darya Şipilova vəfat edib.

İlkin olaraq onun ağciyər taunundan öldüyü və laboratoriyada taun bakteriyası olan sınaq şüşəsinin sınması nəticəsində yoluxduğu barədə məlumat yayılmışdı. Lakin bu versiya rəsmi təsdiqini tapmayıb.

Rospotrebnadzor bildirib ki, Şipilovanın ölüm səbəbi mənşəyi müəyyən edilməmiş pnevmoniyadır. Onunla təmasda olan təxminən 200 nəfərin müayinəsində də taun aşkarlanmayıb.

Ümumdünya Səhiyyə Təşkilatı isə Rusiyanın İrkutskda təsdiqlənmiş taun hadisəsi qeydə alınmadığını bildirdiyini açıqlayıb.

Bununla belə, 28 yaşlı laborantın ölümünün dəqiq səbəbi ilə bağlı suallar qalır.

ABŞ-ın Dövlət katibi Marko Rubio İrkutskdakı anti-taun institutunun əməkdaşının ölümü ilə bağlı bildirib ki, ABŞ vəziyyəti yaxından izləyir və hələlik qlobal həyəcan yaratmağa ehtiyac olmasa da, məsələ diqqətdə saxlamağa dəyər. O, Rusiyanı baş verənlərlə bağlı şəffaf olmağa və beynəlxalq ictimaiyyətə ətraflı məlumat təqdim etməyə çağırıb.