Uzun karantin və ucuz populizm

Səxavət Soltanlı, Müsavat başqanının müavini

Ucuz populizm bəşəriyyətin düşmənidir. Xüsusi ilə müharibə və epidemiya, pandemiya dövrlərində.

Azərbaycan hakimiyyətinin bacarıqsızlığı üzündən koronavirus mövzusu çevrilib populizm mövzusuna. “Like” toplayandan xal toplamaq istəyənlərə qədər hər kəs bundan istifadə edir. Karantin rejiminin əleyhinə danışan, yazan hər şey və hər kəs cəlbedici görsənir. 
Daha konkret desək, karantin rejimininin əlehinə danışılan hər şey cəlbedici göründüyü üçün bəzi ictimai fəal insanlar da bu durumdan xal qazanmaq üçün ən mənasız arqumentlərə müraciət etməklə insanların həssaslığından, sosial-psixoloji durumundan istifadə etməyə, ucuz populizmlə məşğul olmağa çalışırlar.

Azərbaycanda “lockdown”un mənasızlaşmasının, effektsiz olmasının real səbəblərindən danışmalı olan REAL sədri hörmətli İlqar Məmmədov yenə də az etimad göstərilən bir mənbədən misal gətirərək, başından səhv olaraq irəli sürdüyü iddiasını sübut etmək üçün növbəti mücərrəd bir riyazi hesablamanı nümunə göstərməklə sübut etməyə çalışır ki, ümumiyyətlə karantin rejimi mənasızdır.

Hansı ki, hakimiyyətimizin, mövcud pis idarəçiliyin üzündən bizdə karantin rejiminin effektsiz olduğunu (effektinin gözləniləndən çox aşağı olduğunu) demə(MƏ)k üçün dağa-daşa düşməyə ehtiyac yoxdur.

Xüsusi ilə daha ciddi elmi mərkəzlərin, analitik qrupların (Imperial College London, University of California, University of Berkeley) sübut edir, iddia edir ki, karantin tədbirləri avropada, Amerikada, Çində, İranda milyonlarla insan həyatını xilas edib. Yalnız avropada bu metodun sayəsində 3 milyondan çox insan həyatının xilas edildiyi xüsusi qeyd edilir…

Bizdə bu metodla bağlı qərarların doğru verilməməsi, doğru verilən qərarların da pis icra olunması ümumiyyətlə bu metodun yanlış, səhv olması anlamına gələ bilməz. Bizdə vəziyyət tamam başqa oldu.

Azərbaycan höküməti içi boş qərarlar verməklə işini bitmiş hesab elədi. Faktiki olaraq karantin rejimini təşkil edə bilmədilər.

Biri birinə zidd, biri biri ilə uzlaşmayan qərarlar mənə elə gəlir ki, məsuliyyətdən yaxa qurtarmaq üçün edilmiş gedişlər idi.

Məncə bu qərarları da ona görə verdilər ki, səhiyyə sistemi tamam çökərsə, sabah ciddi itkilər ortaya çıxarsa, “Bizdən asılı olanı etdik, xalq bizə qulaq asmadı, xalq məsuliyyətsizlik etdi” deyə bilsinlər. Təəssüf ki, nə qərarlar sistemli oldu, nə də bu istiqamətdə aparılan maarifləndirmə işləri yetərli, nə də “Evdə qal” deyilən insanlara lazımı təminat oldu. Məsələnin hakimiyyət tərəfində hər şey aydındır. Bizdə tətbiq olunan rejimin sadəcə adı “Karantin rejimidir”

İnsanlar həm də bu işlərə görə problemin ciddiliyini qəbul edə bilmədi.

Polis hər maskasız vətəndaşı 50, 100, manat kimi görməsəydi, ilk gündən küçədə maskasız şəxslərə əlində cərimə protokolu ilə deyil, maya dəyəri 5 qəpik olan maska ilə yaxınlaşsaydı, “Sizin sağlamlığınız bizim üçün çox vacibdir” məzmunlu bukletlər təqdim etsəydi, effekt tamam başqa cürə olardı.

Son günlər polisin imicini düzəltmək üçün xərclənən pullar bu işə kifayət edərdi. O zaman polisin də imicini düzəltməyə bu qədər ehtiyac olmazdı. Polisin nüfuzu və hörməti də tədricən artacaqdı.

Vətəndaş dövləti təmsil edənləri ən ağır vəziyyətlərdən belə şəxsi maraqları üçün istifadə edən gördüyündən, hər zaman hər şeyi fürsət bilib pul qazananları gördüyü üçün bu mərhələdə də özündən asılı olmayaraq (İnstinktiv olaraq) bu tədbirləri də onlardan biri hesab etdi.

İnsanların problemin mövcudluğuna inanması üçün ilk olaraq o problem haqqında danışanlara, o problemi idarə etməyə çalışanlara inanmalıydı. Hansı ki, bizdə bu inam məsələsi ən aşağı səviyyədədir.

Əlbəttə, düzgün hesablama aparılmamağın da burda təsirləri var. Bu uzunluqda karantin rejimi olmalı deyildi. Məncə düzgün hesablama olsaydı, mart, aprel aylarında yoluxma hallarının az olduğu, səhiyyənin- xəstəxanaların və həkimlərin yük götürmə və qarşılama imkanları olduğu müddətdə sərt tətbirlərə deyil, əsas işi maarifləndirmə və hazırlıq işlərinə yönəltmək lazım idi.

Sonda, ictimai fəal insanlar, ictimai rəy formalaşdıran şəxslər, xüsusi ilə siyasətçilər bu kimi dövrlərdə populizimə yuvarlanmalı deyillər. Evdə ürəyi sıxılan, istədiyini sata, ala, istədiyi yerə gedə bilməyən insanların hisslərinə toxunub, insanların hissləri və həyatları ilə oyun oynamaq olmaz.