“COP29 ev sahibliyi sazişi insan hüquqlarına təminat vermir”
Human Rights Watch beynəlxalq insan hüquqları təşkilatı noyabrda Bakıda keçiriləcək COP29 iqlim sammitinin ev sahibliyi sazişinin nüsxəsini əldə edib. Saziş bu il avqustun 17 və 23-də Bonn və Bakıda imzalanıb, hələ ictimaiyyətə açıqlanmayıb. Təşkilatın yaydığı bəyanata görə, sazişdə iştirakçıların hüquqlarının qorunması ilə bağlı ciddi çatışmazlıqlar var.
Sazişdə bildirilir ki, konfrans iştirakçıları “şifahi və ya yazılı ifadələrinə, hər hansı əmələ görə hüquqi baxımdan toxunulmazlığa malik olacaqlar”. Ancaq başqa bir bənddə onlardan Azərbaycan qanunlarına hörmət və onun daxili işlərinə qarışmamaq tələb edilir.
Saziş hansı əməllərin Azərbaycanın daxili işlərinə müdaxilə sayıla biləcəyini, ölkə qanunlarının Birləşmiş Millətlər Təşkilatının idarə etdiyi konfrans zonasında tətbiq olunub-olunmayacağına heç bir aydınlıq gətirmir. Qurum bildirir ki, ölkədə ifadə və sərbəst toplaşma azadlıqlarına sərt məhdudiyyətləri nəzərə alsaq, iştirakçılar zona daxilindəki əməllərinə görə oradan kənarda repressiyalara məruz qala bilərlər.
Bu müddəaların sazişin 10-cu maddəsinin 12-ci bəndində öz əksini tapdığı bildirilir. Açıqlamaya görə, 14-cü bənddə yazılıb ki, bu toxunulmazlıq “ədalətin həyata keçirilməsinə mane olacağı hallarda” Birləşmiş Millətlər Təşkilatının katibliyindən tutmuş əlaqəli kiçik təşkilatların üzvlərinin belə əlindən alınacaq.
Human Rights Watch xatırlatmasına görə, bu saziş ictimaiyyətə açıq olmalı idi: “2023-cü il Bonn İqlim Konfransında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına üzv dövlətlər vurğuladılar ki, ev sahibi ölkələr sazişləri ictimaiyyətə təqdim etməli və beynəlxalq insan hüquqları qanunlarını dəstəkləməlidir. Təəssüf doğuran haldır ki, bu razılaşmalar gizli saxlanılır. Onların ictimaiyyətə açıqlanması vətəndaş cəmiyyəti təşkilatlarının üzərinə düşməməlidir”.
Habelə vurğulanır ki, şəffaflıq və əlçatanlıq naminə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası keçmiş, cari və gələcək razılaşmaları öz vebsaytında dərc etməlidir: “Həmçinin Birləşmiş Millətlər Təşkilatı təcili Azərbaycan hökumətini insan haqları öhdəliklərinə hörmət etməyə və insan hüquqlarına hörmət göstərilən bir iqlim konfransı keçirməyə çağırmalıdır”.