Zalımlar, məzlumlar və Allah

Çingiz Sultansoy

“Zalımlar Allahın lənətinə gələcəklər!”

Bu sözləri SOCAR-ın Ticarət Departamentinin keçmiş rəhbəri, həbs edilən Ədnan Əhmədzadənin həyat yoldaşı yazıb. 

Bu sözlərin həqiqiliyinə şübhə yox – Qurani-Kərim, “Hud” surəsi, 18-ci ayə: “…Bilin ki, zalımlar Allahın lənətinə gələcəklər”.

Bu fikir zalımlara Allahın mövqeyini və münasibətini göstərir və anlıamayanlara zülmün Allah dərgahında qəbul edilmədiyini və gec-tez cəzalandırılacağını bildirən bir xəbərdarlıqdır. Buna söz yox.

İndiyəcən rəsmi açıqlanmasa da Azərbaycanın iqtisadi təhlükəsizliyinə qarşı təxribat və külli miqdarda mənimsəmə ittihamıyla həbs edlən Ədnan Əhmədzadə haqqında bir kəlmə də yazmamışdım. Qalmaqallı hadisədən xəbərim var, əlbəttə, amma başım öz işlərimə qarışıq idi, dünən də cərrahiyyə olundum, bu gün bir daha müayinəyə gedəcəm. Məsələ burasındadır ki, bizim məmləkətdə bir çox hallarda olduğu kimi Ədnan Əhmədzadənin də ittihamı böyük ehtimalla saxtadır. O bu qədər pulu təkbaşına yeyə bilməzdi. Pəs hanı onun şərikləri? Niyə adları ortada yoxdu? Ə.Əhmədzadənin “günah keçisi” seçilməsi və şərlənməsi versiyası mənə xeyli daha inandırıcı görünür. Hökumətə yaxın medianın “Əhmədzadə Azərbaycanın “Azeri Light” markalı neftini Rusiyanın xam nefti ilə qarışdırmaqda günahlandırılır” iddiası belə düşünməyə ciddi əsas verir. ABŞ sanksiyalarına tuş gələn Rusiyanın neftini kim satır, Ədnan Əhmədzadə? Bəs elə o nefti daşıyan və satan, tutulan və həbs olunan gizli “kölgə tanker”ləri də onun idi ya başqa adamın? Mənə nağıl danışmayın…

Deməli, Əhmədzadə həqiqətən “günah keçisi” seçilib və ağasının paxırını örtməlidir. Amma bu o demək deyil ki, Ədnan Əhmədzadənin heç bir təqsiri yoxdur. Xeyr. Onun qazandığı və xərclədiyi pullar, ailəsiylə birlikdə sürdüyü zəngin həyat tərzi və rəsmi maaşı, gəlirləri müəyyən suallar doğurur və əslində bizdə olmayan ciddi və obyektiv istintaq araşdırması mövzusu ola bilər. Özü də bu işin yalnız bir tərəfidir, o birinə hələ toxunmuram…

Zalımlar Allahın lənətinə gələcəklər. Təkrar edirəm, buna şübhə yox. Amma bu zalımların kim olduğunu, hansı fağır görünən ya zərərçəkmişin əslində konkret zalımın bir işçisi, şəriki, köməkçisi ya əlaltısı, yəni zatən elə zalım olduğunu vəkilləri və doğmaları yox, Allah özü müəyyən edəcək…

Ədnan Əhmədzadənin ağıllı-savadlı adam, istedadlı menecer və iş adamı olduğu deyilir. İnanıram. Amma bu məqamlar onun rəsmi ittihamla bağlı yox, dediyim mənada təqsirsizliyini sübut etmir axı?

İkincisi, bizim hakimiyyətin bir çox məmuru, deputatı-zadı vəzifədə olanda istedadlı iş adamı olur, vəzifədən olanda isə istedadları güclü xəzrinin apardığı tonqal-manqal tüstüsü kimi yox olur. Deməli, istedadları vəzifədə imiş? Bu nə istedaddı belə? Rüşvəta “hörmət” deyildiyi kimi, indi də buna “istedad” deyirlər?

Əslində böyük dövlət qurumunda top-menecer işləyən Ədnan Əhmədzadə SOCAR-ın qurumun və ölkə rəhbərinin tapşırığını yerinə yetirirdi, axırda tutuldu, yəni qurbanı oldu. Ola bilsin, onu 1-2 ay ya 2-3 həftə lüks kamerada saxlayıb, buraxacaqlar, məşhur iş adamı Hacı İbrahim Nehrəmli kimi. Ola bilsin, onun məhbusluğu uzun illər çəkəcək, Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyev kimi. Bilmirəm.

Amma bir həqiqəti dəqiq bilirəm, Qabusnamədə hələ XI əsrdə yazılan, 1000 illik zamanın və tarixin sınağından çıxan, burada dəfələrlə dediyim, yazdığım həqiqəti.

“Əyər sən şah xidmətində kökəlmisənsə, bil ki, şah səni bir gün kəsmək üçün belə kökəldib”.

Necə olur ki, belə ağıllı-savadlı, prestij xarici ali məktəbləri bitirən, nəhəng vəsaitlər qazanan adamlar belə sadə həqiqətləri bilmirlər? Belə kitabları oxumurlar, çünki vaxtları yoxdu, pul qazanırlar yaxsa oxuyurlar, bilirlər, amma özlərinə aid eləmirlər? Cavabını bilmədiyim sualdır…