Fitrəyığan Balarəzi… dilənçiliyə sədaqət rəmzi!

Aydın Can

Bu gün Yer üzünün ən gözəl bayramıdır – Yer üzü məhz nəfsə yiyəlik edə bilməməyin islah edilməsi üçün yaradılıb. Və… nəfs təkcə yemək-içməklə tənzimlənmir. Bunun göz orucu da var, mədə-ağciyər, ürək-böyrək, sağ, “orta”, sol ayaq və əl orucu da – il on iki ay. Təkcə yemək-içmək ayrıca və qısa müddətə təsdiqlənib. Moizə etməyəcəm bu konuda – onsuz da bəs qədər ağıllı və bilgin efir və yas mollaları varımızdır.

Mən Balarəzidən danışacam. Düz 50 il qabaq gördüyüm Balarəzidən.
Balarəzi Vazaru seli, Talış qayalarından qopan daşlar-qırıntılar Lerikdən Lənkərana burula-burula, valaylana-valaylana, yumalana-yumalana çatdığı kimi varid olurdu.
O qədər məxməri yeriyirdi ki – sanki pəncələri üstə amortizasiya verirdi, səsi o qədər uzaqdan gəlirmiş kimi çıxırdı ki, deyərdin Leriki basan selin ultraqısa dalğasıdır. Yeriyəndə valaylanırdı, yumalanırdı, hə, vallah.
Balarəzi ilin elə bu vədələri gəlirdi – fitrə yığmaq üçün. Gəldiyi deyilən məkana görə: Bobogil. Lerikin ocaq sayılan yerindən.

Balarəzi hər il gəlirdi!

Balarəzi hər il gələndə məhəllə və küçə uşaqları onu qovalayır, daş atırdılar.

Amma o hər il gəlirdi.

Amma hər il gələn, daşa basılan, hamıdan qorxan bu adama təkcə mən daş atmırdım, qovalayanlara qoşulmurdum.

Və… Balarəzi təkcə məni təkcə görəndə qorxutmağa cəhd edirdi. Mən qaçıb uzaqlaşanda tamam da dişsiz olmayan ağzı gülüş kompozisiyası alırdı sifətində.
Elə bil Balarəzi kəndimizə təkcə fitrə yığmaq üçün yox, həm də məni qorxutmaq üçün gəlirdi!
Hamının daşa basdığı, qovaladığı, hamıdan qorxan, sarı redinqotlu… yox, sırıqlı pencəkli-şalvarlı(şarovar), sarısaqqal, sarıdiş Balarəzi…

Tanrı ona nəsib edirdi məni qorxutmağı – bu necə müyəssər olurdu ona, bu gün də məəttələm: mən onunla rastlaşanda bu başından o başı görünən küçədə hətta it nədir, pişik də olmurdu, əl atıb yerdən götürməyə daş olmaya yer olurdu.
Atam dilənçiyə pul vermirdi, qapıya gələni qovurdu: əlin-ayağın var, yeriyə bilirsən, get, işlə!

Amma Balarəzini bizim qapıya gəlməsə də, bir dəfə acıladı təhqiramiz şəkildə.

Mənim yanımda. Səbəbini soruşdum.

– Uşaqları Moskvada, Leninqradda oxuyur, ikimərtəbəli evi var, özünü qoyub dilənçiliyə!

Məmməd mənə yalan demişdi: bəlkə də dediklərinin faktologiyası düz olsa da, səbəbi onlar deyildi. Sən demə, Məmməd hamıdan qorxan bu Balarəzinin Allaha özünün də kimisə qorxutmaq “kişi”liyinə şahid olubmuş. Sadəcə, növbəti ili gözləyibmiş…

Təfsilatı sonradan bildim.
Balarəzi ədəbi obrazlarla tanış olan mənim kimi oxuyan bir şagird üçün başqa aspektdən maraqlı idi: baxmayaraq ki, həmişə, hər il onu söyürdülər, daşa basırdılar, qovalayırdılar, o, inadından əl çəkmirdi. Orta məktəbi bitirənəcən Balarəzini hər il gördüm: məzlum, mağmın görkəmini hər yerə daşıyan ayaqları elə bil heç yorulmamağa işarə idi, neqativ simasının bəlli koordinatlarında Yer alan göy gözləri bütün insanlığa nifrət püskürürdü, bunları ört-basdır edən səsiydi: mızıldaya-mızıldaya, zorlanan qızın haldan düşüb nazilən, güclə eşidilən yazıqcasına iniltisi sanki.

Mən Balarəzini unutmuşdum bilmərrə: bu əlli ildə əlli dəfə Bobogil ocağına getsəm də, əlli dəfə o ocağa and içsəm də – həzrəti-Əlinin “kin insanı qocaldır” kəlamı məni düşmənlərimi belə unutmağa sövq edib, handa ola Balarəzi…
Balarəzi bir üstün keyfiyyəti ilə maraqlıydı onda: adam dilənçiliyinə, fitrə yığmasına sadiq idi – başına olmazın müsibətlər gətirilsə də.
Ancaq bu gün yadıma ayrı məqama görə düşdü. Səhər Xanımgəlinin bayramını təbrik edib Balarəzinin adını soruşdum, Rəisə xanım da yeddi dərənin suyunu bir arxa caladı, hətta Məmmədin onu acılamasını da xatırladı, Nuh dedi, peyğəmbər demədi, Lənkəranda nə qədər fitrə yığan var, kim harda oturur, adını, yerini dedi, Balarəzi adı çəkmədi ki çəkmədi. Axırda qışqırığımı saldı, fitrə alan axtarmadığımı, Məmmədə görə soruşduğumu deyəndə… “deynən Balarəzini soruşursan da”, – dedi.
50 il qabaq məni qorxudan Balarəzi bəlkə də 50 il dilənçilik etmişdi, fitrə yığmışdı, amma yuxuda mənə deyirdi ki, əzab verirlər mənə, səni qorxutmağımı mənə fitrə əvəzi ver!
50 il fitrəyə, dilənçi payına möhtac bir adam çəkdikləri müqabilində mükafatını, heç olmasa, o dünyada almaqdansa, bir uşağı qorxutmağına görə hələ də qəbir əzabı çəkir.
Oruc tutmaq həm də… təkəbbürünə-nəfsinə, yəni mən də qorxuda bilirəm, məndən də qorxan var (mən də kişiyəm, mən də savadlıyam, mən də istedadlıyam) iddiasına yox deyə bilməkdir!

YƏNİ: ömür boyu qarınqulu kimi basıb yediyimiz olsun ilə bir ton. Bir tonun emalı, cəzası o qədər də uzun çəkməz, zənnimcə!

Vay odur ki… Əməl, Təkəbbür, İddia-hikkə, Şöhrətpərəstlikdən oruc olmayasan.

Balarəzi… 50 il hikkə göstərə bildi, 50 ildən sonra günahını ixtisasına uyğun olaraq, fitrə kimi istəməli oldu.

Mən Məmmədin ruhu şad olsun deyə, Balarəzinin məndə olan günahını özünə fitrə verdim!
Tanrı dərgahında sədaqətli olmaq, zülmə uğramaq, məzlum kimi yaşamaq, yazıq həyat tərzi sürmək hələ o demək deyil…

Bayramınız mübarək, nəfsin hakimi-mütləq olduğu Yer üzündə verdiyi sədəqələr, etdiyi xeyirxahlıqlar Tanrı dərgahında ovsanaya düşənlər! Qəlbinizin mərhəməti, ruhunuzun mərdliyi, niyyətlərinizin nurluluğu Sizi həmişə Hakimi-mütləq komandasında, Dövlət ərkanında, Tanrı məqamında əziz və sevimli etsin, amin! Üzünüzə hər açılan gün Günəşlə gülsün, inşaallah!

Balarəzini unutmayın!