Qərbə dönüş?
Oktyabrın 16-da Azərbaycan prezidenti İlham Əliyev bəzi ölkələrin yeni səfirlərinin etimadnamələrini qəbul edib. Onların arasında Avropa İttifaqı missiyasının rəhbəri, eləcə də Fransa və Niderland səfirlərinin olması diqqəti çəkir.
Son vaxtlara qədər Azərbaycanın məhz bu dövlətlərlə və Aİ ilə çox gərgin münasibətləri vardı. Azərbaycan öz ərazilərinin azad edilməsi ilə bağlı Fransa və Niderlandın tənqidlərini və bu ölkələrin parlamentlərinin ölkənin ərazi bütövlüyünü pozan qərarlarını haqlı olaraq rədd edirdi.
Oxşar qərarlar Avropa Parlamentində də qəbul edilmişdi. Bakıda da Ermənistan- Azərbaycan sərhədində Aİ müşahidəçilərinin sayının artmasından qıcıqlanırdılar. Bəzən Bakının Qərbin tənqidlərinə reaksiyası “qeyri-proporsional” şəkildə sərt olurdu. Lakin avqustun 8-də Vaşinqtonda Donald Trampın iştirakıyla Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması Avropa paytaxlarında əhval- ruhiyyəni yüksəltdi. Bununla əlaqədar Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Kopenhagendə prezident Əliyevin fransalı həmkarı Emmanuel Makron və Niderlandın baş naziri Dik Sxof ilə səmimi görüşü diqqəti çəkdi.
Bakının Aİ ilə münasibətləri daha əvvəl, bu ilin aprelində Aİ-nin ali nümayəndəsi Kai Kallasın Azərbaycana səfərindən sonra yoluna düşməyə başlamışdı. Əliyevin Aİ, Fransa və Niderlandın yeni səfirlərilə görüşlərinin əlverişli fonu və məzmunu Bakının bu dövlətlərlə və Avropa Komissiyası ilə münasibətlərinin yenidən qurulacağını güman etməyə əsas verir.
Bununla əlaqədar Əliyevin Fransa səfiri Sofi Laqut ilə söhbətini qeyd etmək lazımdır. Kopenhagendə Fransa prezidenti ilə söhbətini xatırladan Əliyev deyib ki, “iki ölkə arasında anlaşılmazlığa səbəb olan məsələlər bu görüşdən sonra keçmişdə qalıb”. “İkitərəfli gündəmdə yeni dövrün başlandığını” qeyd edən Əliyev şəxsiyyətlərarası və işgüzar əlaqələrin, mədəni və humanitar sahələrdə əməkdaşlığın bərpasının və inkişafının vacibliyini qeyd edib.
Öz növbəsində səfir qeyd edib ki, Azərbaycan və Fransa münasibətlərində “yeni səhifə açılıb”. O deyib ki, ikitərəfli əlaqələrin inkişafı üçün səy göstərəcək. Niderland səfiri Marian de Yonq ilə görüşdə Əliyev “iki ölkə arasında əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu” qeyd edib. Kopenhagendə Niderlandın baş katibi Dik Sxof ilə görüşünü xatırladan Əliyev vurğulayıb ki, “bir çox sahədə əməkdaşlığın möhkəmləndirilməsi üçün razılıq əldə olunub”. Bu fonda Fransanın “xarici ərazilərindəki” və Niderlandın “asılı ərazilərindəki” xalqların hüquqlarının müdafiəsində Bakının o qədər də fəal olmayacağını gözləmək olar.
Aİ nümayəndəliyinin yeni rəhbəri səfir Marianna Kuyunciç ilə görüşdə Əliyev Aİ- nin üç komissarının Bakıya səfərlərini xatırladaraq “Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin nəzərə çarpan dinamikasını” məmnuniyyətlə qeyd edib.
Bundan əlavə, Azərbaycan Böyük Britaniya ilə strateji tərəfdaşlığa nail olub. Bu, Britaniyanın dövlət naziri Stivet Dautinin Azərbaycana son səfəridən sonra baş verib.
Beləliklə, Donald Trampın ABŞ-da hakimiyyətə gəlişindən və Avropa Komissiyasının yeni tərkibinin formalaşmasından sonra Bakı Qərb ilə münasibətləri yenidən qurmağı bacardı. Eyni zamanda, Bakı münasibətlərin yenidən formalaşmasının Azərbaycanın şərtləri əsasında baş verdiyini gizlətmir.
Bakı Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı Qərbin tənqidindən qıcıqlandığını gizlətməyib və bunu daxili işlərə müdaxilə adlandırıb. Hazırda Azərbaycana münasibətdə "demokratiya" və “insan hüquqları” anlayışları Qərb diplomatlarının ritorikasından çıxıb.
Avropada daxili problemlərlə məşğul olmağı tələb edən ultrasağ qüvvələrin möhkəmlənməsi fonunda Qərb paytaxtlarında praqmatizmə əsaslanaraq tərəfdaşlarla getdikcə daha çox münasibət qurulur.
Azərbaycan ümid edir ki, neft, qaz və perspektivdə “yaşıl enerji” Avropa üçün əsas prioritetlər ola bilər. Bakı hesab edir ki, Qərb korporasiyalarının ödəniş qabiliyyətli alıcısı olaraq sərfəli ticarət tərəfdaşı kimi cəlbediciliyini saxlayır.
Bundan əlavə, Rusiyadan yan keçməklə “Orta dəhliz” qlobal nəqliyyat layihəsi Bakıya Avropa və Asiya arasında əsas logistika mərkəzi olmağa imkan verir. Əlbəttə ki, Qərb, xüsusən də Avropa institutları və təşkilatları öz simalarını qorumağa çalışacaqlar, Avropa Şurası və ATƏT qarşısındakı beynəlxalq öhdəliklərin yerinə yetirilməsinin vacibliyini nəzakətlə Bakıya xatırladacaqlar.
“Sakit diplomatiya” çərçivəsində Bakı, ehtimal ki, bəzi addımlar atacaq: məsələn, siyasi məhbusların bir hissəsinin azad edilməsi, ölkə nümayəndə heyətinin AŞPA- ya qaytarılması, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasının bərpası, əsasən kompensasiyaların ödənilməsi.
Lakin, görünür, mümkün sosial narazılıqların qarşısının alınması üçün dövlətin kifayət qədər resursları olduğu müddətdə ölkənin siyasi sistemi mühüm dəyişikliklərə məruz qalmayacaq.
Fərid Qəhrəmanov
Turan