Kiyevdə raket Azərbaycan səfirliyinin 50 metrliyinə düşüb

Bu gün səhər Ukraynanın Kiyev şəhərinə atılan raketlə bağlı bəzi təfərrüatlar məlum olub.

Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporasının mətbuat xidmətinin rəhbəri Qalıb Osmanlının Lent.az-a bildirdiyinə görə, raket Azərbaycan səfirliyinin 50 metrliyinə düşüb. Səfirlik Podol rayonunun Qluboçika küçəsi 24 ünvanında yerləşir.

Səfirliyin binası xəsarət almayıb. Ancaq dağılan binanın altından 10 nəfər yaralı çıxarılıb.

Qeyd edək ki, ölüm hadisəsi qeydə alınmayıb, amma dağıntılar altından insanların çıxarılması və təxliyəsi davam etdirilir. İnsanlar arasında panika yoxdur. Çünki fevralın 24-ü müharibə başlayandan bundan daha dəhşətli hadisələr baş verib.