Sistem özünü yeyir…
Könül Alı
Son günlər ölkənin siyasi gündəmini üç hadisə müəyyənləşdirir: Ramiz Mehdiyev işi, Elman Nəsirovun qızının ətrafında yaranan qalmaqal, Fəzail Ağamalının ailə və partiya çevrəsindəki skandal. Görünən budur ki, bu olaylar bir-birindən ayrı kimi təqdim olunsa da, əslində hakimiyyətin daxili strukturundakı çürümənin fərqli təzahürləridir.
-Ramiz Mehdiyev illərlə rejimin beyni olub. Onun ideoloji xətti və idarəçilik üslubu bu günkü siyasi modelin bünövrəsini qoydu. İndi isə həmin sistem Mehdiyevi öz “cinayətlərinin simvolu” kimi hədəfə çevirib.
Bu, sadəcə keçmiş bir məmurun cəzalandırılması deyil – bu, rejimin öz keçmişindən imtina etmə teatrıdır. Hakimiyyət cəmiyyətə demək istəyir ki, “biz dəyişirik”, amma bu dəyişiklik yalnız “günah keçiləri” üzərindən həyata keçirilir. Mehdiyev günahkardır, bəli, amma onun qurduğu sistem indi də eyni prinsiplərlə işləyir.
-Hakimiyyətin təbliğatçı simalarından biri olan Elman Nəsirovun ailəsi ilə bağlı qalmaqal təkcə şəxsi məsələ deyil. Cəmiyyət bu olayda rəsmi ideologiyanın ikili standartını gördü. İlkin dövrlərdə “milli-mənəvi dəyərlər” adı ilə insanlara qadağalar qoyanlar, indi öz ailə daxilində tam fərqli davranışların ünvanına çevriliblər.
Bu hadisə göstərdi ki, siyasi saxtakarlıq artıq fərdi səviyyədə də ifşa olunur. Rejim təbliğatla reallıq arasındakı uçurumu daha gizlədə bilmir.
-İllərlə “idarə olunan müxalifət” kimi saxlanılan qurumların indi bir-bir dağılması, hakimiyyətin bu siyasi mexanizmini də köhnəlmiş hala gətirib. Fəzail Ağamalının ailə və partiya skandalı təkcə şəxsi reputasiya böhranı deyil, sistemə sadiq partiya modelinin iflasıdır. Bu hadisə göstərir ki, rejim nəzarət etdiyi müxalifəti belə sabit saxlaya bilmir. Cəmiyyət isə bu “kölgə müxalifət”in artıq heç bir inandırıcılığına sahib olmadığını çoxdan anlayıb.
Bu üç hadisə — Mehdiyev, Nəsirov, Ağamalı — bir-birindən fərqli təbəqələrdə eyni həqiqəti üzə çıxarır: sistem öz içində çökür. Hakimiyyət illərlə qorxunun, yalanın və saxtalığın üzərində qurulmuş bir mexanizm idi. İndi bu mexanizmin dişliləri bir-birini yeyir.
Bu, ayrı-ayrı fərdlərin deyil, rejimin öz-özünü yeyən mərhələsidir.

