Lukaşenko geri çəkilir: Minskdən hərbi texnika çıxarıldı, saxlanılanlar sərbəst buraxılır
Belarusda təhlükəsizlik qüvvələrinin sərt tədbirlərinə baxmayaraq, etirazları yatırtmaq mümkün olmur. Son günlər ərzində azı 7 min nəfərin saxlandığı bildirilir. İki etirazçının zorakılıq nəticəsində ölməsi haqda məlumatlar ölkədə gərginliyin daha da artmasına səbəb olub.
Etirazların beşinci günü böyük sənaye müəssisələrinin işçiləri aksiyalar təşkil etməyə başlayıblar. Gün ərzində Belarus Avtomobil Zavodunun (BelAZ), Minsk Avtomobil Zavodunun (MAZ), Minsk Traktor Zavodunun, “Belmedpreparaty” və “Belkard” müəssisələrinin, Qrodno “Terrazit” və “Grodno-Azot” və digər müəssisələrin yüzlərlə işçisi tətilə çıxıb. Onlar Lukaşenkonun istefasını, saxlanılan şəxslərin azadlığa buraxılmasını və ölkədə yeni seçkilərin keçirilməsini tələb edirlər.
Aksiyalara əmək kollektivlərin işçiləri – Belarus Dəmiryolu, Belarus Dövlət Filarmoniyası, Belteleradiokompaniyasının keçmiş işçiləri də qatılıb. Onlar “həmrəylik zəncirləri” yaradaraq yürüş ediblər.
Bundan başqa, ölkənin müxtəlif şəhərlərində tibb işçiləri mitinqlər keçirib. Axşam saatlarında, ölkənin Səhiyyə Nazirliyi “bütün həmvətənlərə” müraciət edərək, “zorakılıq spiralını dayandırmağa, bir-birini təhrik etməkdən çəkinməyə” çağırıb.
Etirazların böyüməsindən sonra Belarusun daxili işlər naziri Yuri Qarayev aksiyalarda iştirak etməyən şəxslərin də tutulması faktlarının olduğunu etiraf edib və buna görə üzr istəyib. Lakin o, baş verən zorakılığa görə məsuliyyəti etirazçıların üzərinə qoyub. Nazir deyib ki, “təxribatçıların” fəaliyyəti sayəsində milis əməkdaşları cəmiyyətdə “cin-şeytan” kimi görünür.
Gecə saatlarında Aleksandr Lukaşenkonun özü administrasiyasının rəhbəri Natalya Koçanova vasitəsilə gün ərzində baş verən tətillərə reaksiya verib. Koçanovanın sözlərinə görə, prezident “əmək kollektivlərinin rəyini eşidib” və bütün həbsləri araşdırmaq, təcridxanalardan məhbusların sərbəst buraxılmasını sürətləndirmək üçün göstəriş verib.
“Bizə döyüş lazım deyil, müharibə lazım deyil” – deyə, Kaçanova əlavə edib.
Gecə yarısına yaxın Minskdəki təcridxanalardan saxlanılanların kütləvi şəkildə sərbəst buraxılmasına başlanılıb. Hərbi texnika və OMON avtobuslarının paytaxtdan çıxarıldığı bildirilir.
Qeyd edək ki, avqustun 9-da Belarusda növbəti prezident seçkiləri keçirilib. Rəsmi nəticələrə görə Aleksandr Lukaşenko 80 faizə yaxın səs toplayıb. Lakin seçkilər kütləvi saxtakarlıq haqda məlumatlarla müşayiət olunub.
Basta