Arif Hacılı: “Minlərlə müsavatçı övladı hərbi xidmətdədir”

Müsavat başqanı: “Biz prezident aparatından göstəriş alan partiya sədrlərinin nə vaxt yuxudan oyanacağını gözləyə bilməzdik”

 

Müsavat Partiyasının başqanı Arif Hacılı Azərbaycan dövlət televiziyasının efirində Müsavat Partiyasına qarşı irəli sürülən ittihamlara cavab verib. Müsavat Partiyasının hər zaman ordumuzun yanında olduğunu vurğulayan Arif Hacılı bildirib:

“Azərbaycan televiziya kanalları Müsavat Partiyasının son döyüş əməliyyatları ilə bağlı mövqeyini təhrif edən, böhtan xarakterli məlumatlar yayır.

 

 

Bizi Qarabağda baş verənlərə biganə qalmaqda ittiham edənlərə cavab olaraq bir daha bildirirəm ki, Müsavat Partiyası döyüş əməliyyatları başladıqdan dərhal sonra 27 sentyabr səhər saat 9.00 da əks-hücum əməliyyatına münasibət bildirib. İnternetin bağlanması ilə əlaqədar olan çətinliklərə baxmayaraq bəyanatımız dərhal mətbuat orqanlarına çatdırılıb. “Turan” informasiya agentliyi səhər saat 9.38-də bu bəyanatımızı üç dildə bütün dünyaya yayıb.

 

Bu bəyanatımız səhər saatlarında YAP-ın və əksəriyyəti yalnız sədrin özündən və adından ibarət olan partiyaların açıqlamalarından xeyli əvvəl, onların bir çoxu hələ yuxudan durmamış başqa yerli saytlarda da yayılıb.

 

Avropanın 70 siyasi partiyasına, beynəlxalq qurumlara göndərilib. Bir çox beynəlxalq saytlarda bəyanatımıza istinad edilərək məlumatlar verilib.

 

Biz məsələn, Abutalıb Səmədovun, ya indi adlarını belə xatırlamadığım partiya sədrlərinin yuxudan oyanacağını, prezident aparatından bəyanat göstərişi alacağını gözləyə bilməzdik. Mövqeyimizi bunu gözləyənlərə çatdırmaqda ləngimədik. Biz Müsavat Partiyası olaraq baş verənlərə dərhal münasibət bildirməliydik ki, bütün dünya bu müharibənin nüfuzu sıfırlanmış avtoritar rejimin yox, Azərbaycanın müharibəsi olduğunu, Azərbaycan üçün vətən müharibəsi olduğunu anlasın.

 

Bu məzmunlu açıqlama ilə yenidən dünya birliyinə müraciət etmişik. Ordumuzun zəfəri, ərazilərimizin işğaldan azad edilməsi, xalqımızın əmin-amanlığı naminə üzərimizə düşən missiyanı tam olaraq yerinə yetirmək üçün səylərimiz fasiləsiz olaraq davam edir.Populizmdən uzaq, reklamsız olaraq, heç kəsə minnət qoymadan işlərimizi görürük.

 

Bircə o faktı qeyd edim ki, bu gün yüzlərlə müsavatçı, minlərlə müsavatçı övladı, əksəriyyəti ön cəbhədə olmaqla, hərbi xidmətdədir. Həm partiya olaraq, həm də fərdi qaydada ordumuzun yanında, vətənimizin keşiyindəyik!

 

Bu Vətən Bizimdir!”

.