Məhkəmənin ev dustaqlığına buraxdığı gənc evə yox, karantinə aparılıb
Məhkəmə qərarına baxmayaraq Mehdi İbrahimov evə buraxılmayıb
Bu gün, avqustun 19-da Xətai Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxıldığı açıqlanan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Məmməd İbrahimin oğlu Mehdi İbrahimov evlərinə buraxılmayıb. O, saxlandığı Penitensiar Xidmətinin nəzdində Xüsusi İxtisaslaşmış 3 saylı Müalicə Müəssisəsindən Atletlər Kəndində koronavirus xəstələri üçün ayrılan karantin məntəqəsinə aparılıb. Bu barədə Azadlıq Radiosuna Mehdi İbrahimovun qardaşı Turan İbrahim məlumat verib. “Təcili Tibbi Yardım maşını gəlib Mehdini Atletlər Kəndinə apardı. Artıq oradadır. Vəkilinin məhkəmə qərarını təqdim etməsinə baxmayıblar, deyiblər tapşırıq belədir. Amma kimin tapşırığı olduğunu demirlər. Məhkəmə qərarında Mehdininin evə buraxılmalı olduğu yazılıb”.
Vəkil Aqil Layıc isə Mehdi İbrahimovun evə yox Atletlər Kəndində karantinə alınmasını qanunazid sayıb:
“Lap məhkəmə qərarını kənara qoyaq, buna tibbi zəruriyyət də yox idi. Onsuz da o, müalicə müəssisəsində idi. Zatən o karantin müddətini də keçib. Ehtimal etsək ki, onda bu xəstəlik var, amma bizdə olan məlumata və subutlara görə onda bu xəstəlik olmayıb, lap xəstəlik olsa da o müalicəsini alıb.”
Bu deyilənlərə, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.
* * *
2020 Avqust 20 (Cümə axşamı) 09:03:11
Məhkəmə Mehdi İbrahimovun ev dustaqlığına keçirilməsi barədə qərar qəbul edib
Bakı/19.08.20/Turan: Bu gün Bakının Xətai rayon məhkəməsi müdafiə tərəfin AXCP-nin Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin oğlu Mehdi İbrahimovun ev dustaqlığına keçirilməsi barədə vəsatəti təmin edib. Bu barədə Turan-a vəkil Aqil Layıc bildirib.
Onun sözlərinə görə, Mehdi İbrahimov məhkəməyə aparılmayıb.
Amma məhkəmənin qərarı ilə o, elə bu gün Penitensiar Xidmətin ixtisaslaşmış tibb müəssisəsindən azad edilib və elektron biləklik taxmaqla ev dustaqlığına göndərilib.
Qeyd edək ki, Mehdi İbrahimov avqustun 10-dan azad edilməsi tələbi ilə aclıq edirdi.
Mehdi İbrahimov 14-15 iyul orduya dəstək aksiyasından sonra saxlanılıb və karantin rejimini və koronavirus xəstəsi olduğu üçün tətbiq olunan özünütəcrid rejimini pozmaqda ittiham olunub. O, CM-in 139-1.1-ci maddəsi ilə 3 ilə qədər azadlıqdan məhrum edilə bilər. Amma Mehdi İbrahimovun evdə qalmaq məcburiyyətində olduğunu sübut edən heç bir tibbi sənəd yox idi. Eyni zamanda, o, aksiyada heç bir qanunsuz əməl törətməyib.
Yaxınları hesab edirlər ki, həbsin səbəbi onun atası – məşhur müxalifətçi və keçmiş siyasi məhbus Məmməd İbrahimdir. O, iyulun 26-da saxlanılıb və ona qarşı CM-in 186.2.1-ci (zərər çəkmiş şəxsə böyük ziyan vurmaqla əmlakın qəsdən məhv edilməsi və ya zədələnməsi), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərin təşkili və ya belə hərəkətlərdə fəal iştirak), 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zorakılıq tətbiq etmək) və 278.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər) maddələri üzrə ittiham irəli sürülüb. Məmməd İbrahim 4 ay müddətinə azadlıqdan məhrum edilib.
Mehdi İbrahimov və Məmməd İbrahim hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb. -16B06-